İki illik fasilədən sonra İsmayıllının zəngin ədəbi ənənələrini yaşadan “Dağ çiçəkləri” ədəbi məclisi növbəti toplantısını keçirərək fəaliyyətini bərpa edib. Rayon Uşaq Kitabxanasında keçirilən yığıncaqda rayonun tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər və qələm adamları iştirak ediblər.
Toplantının əvvəlində son iki il ərzində dünyasını dəyişmiş qələm dostlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məclisə uzun illər rəhbərlik etmiş görkəmli ziyalıların Azərbaycan ədəbiyyatına və İsmayıllının ədəbi mühitinə verdikləri töhfələr minnətdarlıqla xatırlanıb, onların ruhuna dualar oxunub.
Müzakirələr zamanı çıxış edənlər rayonun ədəbi həyatının canlandırılması, söz və sənət adamlarının əməyinin dəyərləndirilməsi, gənc istedadların üzə çıxarılması, yeni müəlliflərin yaradıcılığına dəstək göstərilməsi və ədəbi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Yığıncaqda iştirak edənlərin yekdil rəyi ilə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, şair Şahməmməd Dağlaroğlu “Dağ çiçəkləri” ədəbi məclisinin yeni rəhbəri seçilib.
Şahməmməd Dağlaroğlu ona göstərilən etimada görə qələm dostlarına təşəkkürünü bildirərək, ədəbi məclisin fəaliyyətinin daha da genişləndirilməsi, gənc yazarların yaradıcılıq mühitinə cəlb olunması, mütəmadi ədəbi müzakirələrin, təqdimatların və görüşlərin təşkili istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüb.
Toplantının sonunda qərara alınıb ki, “Dağ çiçəkləri” ədəbi məclisinin görüşləri ənənəyə sadiq qalaraq hər ayın ilk şənbə günü saat 10:00-da İsmayıllı Rayon Uşaq Kitabxanasında keçirilsin.
Ədəbi ictimaiyyət bu qərarı İsmayıllının zəngin söz mühitinin inkişafı, yeni qələm sahiblərinin yetişməsi və milli ədəbi ənənələrin davam etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.