8 Noyabr 2024-cü il tarixində COP29 çərçivəsində “COP29 : Yaşıl Dünya naminə cari və gələcək perspektivlər” mövzusunda seminar keçirilib.
Seminarda ekoloji məsələlər, davamlı inkişaf və ətraf mühitin qorunmasının cari vəziyyəti ilə gələcək perspektivləri geniş müzakirə olunub. Tədbirin 8 Noyabr – Zəfər Günü ilə eyni tarixə təsadüf etməsi iştirakçılar tərəfindən xüsusi diqqət və qürur hissi ilə qarşılanıb.
Tədbirin açılışını edən Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Zakir Quliyev Zəfər Gününün ölkəmiz üçün daşıdığı mənəvi dəyərdən və milli birlik ruhunun ekoloji təşəbbüslərdəki rolundan bəhs edib:
> “8 Noyabr Zəfər Günü bizim milli qürur günümüzdür. Qazanılan bu tarixi qələbə ruhu və milli birlik yalnız torpaqlarımızın azad edilməsində deyil, eyni zamanda ətraf mühitin qorunması və ekoloji təşəbbüslərin reallaşmasında da müstəsna rol oynayır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsində təbii resursların düzgün idarə olunması, ekosistemin bərpası və davamlı inkişaf bu ərazinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Qarabağ potensial ekoloji layihələr üçün ideal bir məfhumdur və burada tətbiq olunacaq yeni texnologiyalar ətraf mühitə böyük müsbət töhfə verəcək.”
Zakir Quliyev çıxışında gəncləri ətraf mühitin mühafizəsində fərdi məsuliyyət daşımağa və ekoloji problemlərin həllində aktiv iştirak etməyə çağırıb.
Seminarın Əsas Müzakirə Mövzuları: açılış nitqindən sonra Təlimçi Fədai Mərdanlı COP29-un aktual mövzuları, ekoloji təmiz istehsal, ixracat və davamlı inkişaf məqsədlərinə çatmaq üçün innovativ yanaşmalar barədə geniş təqdimatla çıxış edib.
Keçirilən bu seminar Azərbaycanın ekoloji sahədə beynəlxalq səviyyədə artan rolunu və gələcəyə yönəlmiş dayanıqlı addımlar atmaq əzmini bir daha nümayiş etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.