AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"HƏ" deyən Ermənistan əslində VAXT UZADIR... - Daha 30 il də GÖZLƏMƏLİYİK?

  • + A
  • - A
  • 19-11-2021, 08:36

    "HƏ" deyən Ermənistan əslində VAXT UZADIR... - Daha 30 il də GÖZLƏMƏLİYİK?

    16 noyabr təxribatından sonra növbəti dərsini alan Ermənistan rəhbərliyi yenə də özünü yerli və xarici auditoriyaya “sülh göyərçini” statusunda sırımağa başlayıb. Laçın və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun ağır zərbələrinə görə izahat verməyə çətinlik çəkən hökumət başçısı iddia edib ki, guya o, üçtərəfli sazişdən irəli gələn müddəaları yerinə yetirməyə hazır imiş.

    N.Paşinyan bir gün sonra hökumətin iclasında da deyib ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazırlıq prosesi ilə bağlı təkliflər verib, bu təkliflər Ermənistan tərəfindən qəbul edilir.

    “Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib. Mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”.

    N.Paşinyan hökumətin iclasında müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə detalları müzakirə etməyi və bu təkliflər üzərində işləməyi tapşırıb. (Modern.az)

    Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi son döyüşlər nəticəsində 2 hərbçinin öldüyü, daha 13 hərbçinin əsir düşdüyünü, 24 erməni hərbçinin isə taleyinin naməlum olduğu haqda açıqlama yayıb. Eyni zamanda bildirilib ki, döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan Ordusunun nəzarətinə keçib. Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində 16 iyun 18:30-da atəşkəs elan olunub.

    Heç şübhəsiz ki, Ermənistan tərəf gözlənilməz zərbə aldığı üçün geri çəkilib. Eyni zamanda Rusiyanın son xəbərdarlıq və mesajları da İrəvanı “daşı ətəyindən tökməyə” vadar edir. Faktiki olaraq Ermənistan tək qalıb və yeganə ümid etdiyi Rusiyadan da dəstək gəlmir, çünki Moskva kommunikasiyaların açılmasında maraqlıdır. Paralel olaraq delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi vacibdir, artıq Moskva da Bakının mövqeyini bölüşür. Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesinə tez bir zamanda başlanmasını vacib sayır”, demişdi. Diplomat bildirmişdi ki, son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyasi və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının, eləcə də daha əvvəl Rusiyanın təklifləri əsasında təqdim edilmiş müvafiq birgə komissiyanın işə başlamasının vacibliyini təsdiqləyir. Zaxarovanın sözlərinə görə, Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, çərşənbə axşamı Rusiya prezidenti Ermənistanın baş naziri ilə telefonla danışıb. Rusiya müdafiə naziri Sergey Şoyqu isə Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar aparıb. “Bu vasitəçilik səyləri nəticəsində dünən axşamdan etibarən döyüşlər və qarşıdurmalar dayanıb. Gərginliyi azaltmaq üçün birgə iş davam edir”, - Zaxarova bildirib.

    İndiki halda növbəti dəfə üçtərəfli görüşlərdən bəhs olunmaqda, bu haqda anonslar da verilməkdədir. İstisna deyil ki, Ermənistan 9-10 noyabrda gözlənilən üçtərəfli görüşü pozduğu üçün həm də vasitəçi dövlətin qəzəbinə tuş gəlib.

    “Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammiti hansısa mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Sözsüz ki, hansısa mərhələdə belə təmaslar zəruri olacaq, lakin bu təmasların mümkün olması üçün üç tərəfin razılığı və buna hazır olması lazımdır”, - deyə Peskov vurğulayıb.

    Aydındır ki, Peskov razılıq verən tərəflər dedikdə 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçıran, danışıqlar prosesini pozan İrəvanı işarə edir. Çünki Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edib ki, sərhədlərin müəyyənləşməsinə dair danışıqlara hazırdır. Ermənistan isə bu danışıqlardan aşkar boyun qaçırır, üstəlik, danışıqlar masasına oturmamaq üçün hərbi təxribatlara əl atır. Belə ehtimal etmək olar ki, danışıqlar bu ilin sonunadək baş tutmaya bilər.

    Danışıqların yubanması, münasibətlərin gərgin xətdə saxlanılması nə qədər davam edə bilər? Amma Ermənistanın qarşıdakı günlərdə yenidən təxribatlara əl atmayacağına zəmanət yoxdur.

    Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın müəyyən zaman kəsiyində sonra yeni təxribatlara əl ata biləcəyi ehtimalı var: “Nə qədər ki, düşmən ölkə problemlərin həllinə regiondan kənar qüvvələri cəlb etmək hədəfindən, bəzi riyakar region dövlətlərinin, həmçinin Cənubi Qafqaza təsir imkanlarını Ermənistan vasitəsilə qoruyub-saxlamaq istəyən olkələrin təlimatlarına uyğun davranmadan əl çəkməyib, təxribat və hərbi avantüra təhlükəsi qalacaq. Amma bu, o demək deyil ki, Rusiya Ermənistan haqqında təsir dairəsindən uzaq, müstəqil bir ölkə kimi danışmaqla məsuliyyətdən yayınmalıdır”. E.Mirzəbəyli qeyd etdi ki, bu məsələdə Rusiya da böyük məsuliyyət daşıyır: “Əgər vəziyyət Peskovun ifadə etdiyi şəkildə davam edəcəksə və məsələ Azərbaycan və Ermənistanın razılığı əsasında öz həllini tapacaqsa, o zaman Azərbaycan ərazisində Rusiya sülhməramlılarına da ehtiyac yoxdur. Biz Ermənistanla məsələlərin həlli yollarını tapmağı yaxşı bilirik”.

    Politoloq Qafar Çaxmaqlı da İrəvanı imzasına sahib çıxmamaqda ittiham etdi: “Aşkar görünür ki, Ermənistan imzasını qoyduğu sənəddən irəli gələn öhdəlikləri yerinə yetirmir. O da məlumdur ki, onu buna məcbur etmək vasitələri işə düşməlidir. Peskov əslində Ermənistanı buna səsləyib. Ermənistan rəhbərliyini danışıqlar masasına belə tezlikdə gətirmək çətin olacaq. Bu ölkə həm sərhədlərin müəyyənləşməsi, həm də Zəngəzur koridorunun açılması problemini uzatmaq istəyir və məsələlərə beynəlxalq güclərin iştirakını təmin etmək istəyir”. Q.Çaxmaqlı qeyd etdi ki, hazırda bəhanələr də işə yarayır: “İndi Ermənistanda yaranan durum və siyasi böhran da onu bu işi uzatmağa sövq edəcək. Sərhəddəki təxribatlar da bu işi uzatmaq məqsədi ilə edilir. Amma onu masaya gətirəcək vasitələr yox deyildir. Bunlardan biri Laçın koridorunun bağlanması ilə bağlı siyasi iradəmizin nümayişi ola bilər. Rusiya özü də istəsə Ermənistanı danışıqlar masasına gətirə bilər. Zənnimcə, Ermənistan bütün bunlara hələ hazır deyil və bu il hansısa gəlişmələr olacağını gözləmirəm”.

    Politoloq Məhəmməd Əsədullazadə Ermənistanın bir ildən artıqdır ki, 10 noyabr birgə bəyannaməsini yerinə yetirmədiyini vurğuladı: “Üstəlik, dövlət sərhədində atəşkəsi mütəmadi pozmaqla təxribatlara əl atır. Bunun da əsas planı danışıqlarda müəyyən üstünlük əldə etməkdir. Göründüyü kimi, son cəhdləri də uğursuz oldu. Nikol Paşinyan üçtərəfli görüşə ona görə qatılmırdı ki, məhz o mövqe döyüşlərinə arxayın idi. Hesab edirdi ki, üstünlük əldə edəcək”. Politoloq əmindir ki, artıq proseslər Ermənistanın əleyhinə işləyir: “Rusiya tərəfi çalışır ki, yeni görüş təşkil etsin. Hələ ki Ermənistan bununla bağlı ciddi mesaj verməyib. Ümumiyyətlə, Paşinyanın Azərbaycanla delimitasiya danışıqlarına başlayıb, sənəd imzalaması qaçılmazdı. Amma arxayın olmamalıyıq, bu proses uzana bilər”. M.Əsədullazadə Ermənistanın növbəti dəfə təxribatlara əl ata biləcəyini də istisna etmədi: “Düşünürəm ki, Ermənistanın ara-sıra təxribatları baş verəcək. Amma gələn il iki ölkə arasında delimitasiya üzrə danışıqlar başlayıb, sənədlər imzalana bilər. İlk növbədə Ermənistan tərəfi praqmatik addım atmasa, proseslər öz əleyhinə işləyəcək. Üçtərəfli görüş də gələn il keçirilə bilər”.

    Ekspertlərimiz təcrübəyə istinad edib, Ermənistanın növbəti təxribatlar törədə biləcəyini deyir. Azərbaycan isə “dəmir yumruğu” ilə bütün təxribatları qətiyyətlə dəf etməyə hazırdır, heç şübhəsiz. Amma dövlətimiz sülh tərəfdarı olaraq, nəhayət, bölgədə firavan həyata başlanılması üçün iradəsini də nümayiş etdirməkdədir, yetər ki, Ermənistan və havadarları anlasın. Əgər Rusiyadan da normal mövqelər gəlirsə, demək, İrəvan situasiyanı bir daha sərf-nəzər etməlidir.

    Amma hələ ki Paşinyanın “sülhməramlı” mövqeyini təsdiqləyən mənzərə mövcud deyil. Atəşkəsin növbəti dəfə pozulması, özü də Tovuz istiqamətindən, bunu təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

    İstisna deyil ki, Ermənistandakı hakimiyyətsizlik, ordudakı özbaşınalıq, revanşistlərin hərbi sferayadək ayaq açması idarəolunmaz vəziyyət yaradır. Ancaq istənilən halda, məsuliyyət hakimiyyətindir. Rəsmi İrəvan növbəti dəfə yanlış addım atsa, genişmiqyaslı təxribatlara əl atsa, bu, onun üçün dəhşətli fəlakətlərlə sonuclana bilər. Azərbaycan əsgəri İrəvan-Gorus yoluna nəzarət edir, Qafan onun ayaqları altındadır...
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR