26-cı Hicri ilinin Şəban ayının 4-də İmam Əlniin (ə) ailəsində bir körpə dünyaya gözlərini açdı. Bu körpə gəlişi ilə İmam Əli (ə) ailəsinə sevinc bəxş edir. Çünki bir müddət əvvəl İmam Əli (ə), Həzrət Peyğəmbərin (s) və həyat yoldaşı Həzrət Fatimənin (s.ə) ayrılığından çox qəmgin və iztirablı idi.
İmamın (ə) qardaşı Əqil ərəb qəbilələrini yaxşı tanıyırdı. Ona görə qardaşından istəyir ki, onun üçün elə bir həyat yoldaşı seçsin ki, igid və şücaətli qəbilədən olsun. Belə bir qadın igid övladlar dünyaya gətirər. Əqil də Kələbi qəbiləsindən olan Fatiməni qardaşı üçün həyat yoldaşı seçir və Fatimə də bu evliliyə razı olur.
Bu nəcib xanım İmamın (ə) evinə qədəm basdığı gündən övladlarına ana və İmam (ə) üçün mehriban həyat yoldaşı olur. O zaman ki, Həzrət Əbülfəzl dünyaya gəlir, xanım onu parçaya büküb İmamın (ə) qucağına verir. İmam (ə) onu sevgi ilə qarşılaşır və sağ qulağına azan və sol qulağına iqamə oxuyur. Sonra Ümmi-bəninə buyurur: “Ona nə ad qoymusan?”. Xanım cavab verir: “Mən heç bir işdə sizi qabaqlamaram. Hansı adı istəyirsinizsə, ona qoyun”. Həzrət (ə) buyurur: “Mən onu əmimim adı ilə Abbas adlandırdım”.
Əllamə Hairi yazır:
“İmam Əli (ə) ona görə ona Abbas adını verdi ki, düşmənlərə olan şücaət, əzəmət və qəzəbindən agahlığı var idi. Düşmənlər onun qarşısında titrəyir, qorxudan rəngləri qaçardı. O, bir qəhrəman idi və şücaəti atasından irs aparmışdı”.Onun ən məhşur küniyəsi Əbülfəzl idi. Onun Fəzl adlı oğlu var idi. O, da atası kimi insanlığın bütün fəzilət və kamalına malik bir insan idi.
Ərəblərdə belə bir adət var idi ki, əgər uşaq gözəl olsaydı, onu Qəmər adlandırardılar. Məsələn, Peyğəmbərin (s) üçüncü cəddi olan Əbdmənafı gözəl simalı olduğu üçün “Qəmər bətha” (Məkkənin Ayı) adlandırırdılar. Peyğəmbərin (s) atasının da nurlu siması olduğu üçün onu “Qəmər hərəm” (Hərəmin Ayı) adlandırırdılar. Əbülfəzl Abbasın da uzun qaməti və gözəl siması var idi, ona görə də onu “Qəmər Bəni-Haşim” adlandırırdılar.
Bəni-Haşimin bütün uşaqları gözəl idi, ancaq Abbas başqa bir gözəlliyə malik olduğu üçün, onu Ay adlandırırdılar. Ona görə də anası həmişə bu uşağa göz dəyməsindən qorxardı. Tarixçilər yazır ki, Əmirəl-möminin (ə) oğlu Abbas gözəl, xoş simalı, uzunboylu bir kişi idi. Nə zaman güclü bir ata minsə idi, ayaqları yerə dəyərdi.
Həzrət Abbas (ə) xarici görünüşcə gözəl olduğu kimi, daxildən də gözəl idi. Güclü imanı və təqvası, şücaət və igidliyi dillər əzbəri idi. Həzrət Abbas (ə) İmam Əli (ə) məktəbini görmüş bir insan idi. Uşaqlıq dövründən şəhadətinə qədər ədəb və nəzakətinə riayət edərdi. Heç bir zaman qardaşı İmam Hüseynin (ə) hüzurunda əyləşməzdi.
İmam Əli (ə) çox zaman tarlada çalışardı və Həzrət Abbas (ə) da onunla bir yerdə əkinçiliklə məşğul olardı. İmam (ə) məsciddə dərs verən zaman ehtiyacı olanların yardımına tələsərdi. O, atasının güclü biləyi və qardaşının dayağı idi. O, böyük bir qalaya bənzəyirdi ki, dağ kimi möhkəm idi. Döyüş meydanında atası kimi şir və qardaşının xidmətində isə təvazökar bir xidmətçi olurdu. (Həvzəh)
Salam olsun sənə, ey İmam Əlinin (ə) şiri!
Salam olsun sənə, ey Qəməri-Bəni Haşim!
Salam olsun sənə, ey Əbülfəzl-Abbas!
/Deyerler.org/