Son günlər Bakıda apteklərdə yenə də “Valerian” preparatı yoxa çıxıb. Paytaxtın müxtəlif ünvanlarında yerləşən apteklərə bu dərmanla bağlı müraciət edənlər əliboş qaytarılır.
“Qafqazinfo” xəbər verir ki, bəzi apteklərdə əczaçılar bir həftədən artıqdır dərmanın depodan məhdud sayda göndərildiyini bildirirlər. Əvəzində isə müştərilərə “Valerian”ın maye məhlulu və ya “Validol” təklif edilir.
Dərmanın niyə qəhətə çıxdığından isə əczaçılar da məlumatsızdır:
“Artıq bir həftədən çoxdur ki, valerian tapılmır. Bizə depodan limitlə - cəmi 3-4 ədəd göndərilir. Amma tələbat çoxdur, kim qabağa düşürsə, alır, qalanları əliboş qaytarırıq. Niyə tapılmamasının səbəbini isə bilmirik”.
Səhiyyə Nazirliyindən məsələ ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, dərmanların aptek təminatı nazirliyə aid deyil. Bu işlə özəl şirkətlər məşğul olurlar.
Yaranmış problemlə bağlı apteklərin əsas dərman təminatçısı “Zeytun Pharmaceuticals” və” Avromed” şirkətlərinin baş ofisləri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.
Xatırladaq ki, “Valerian” qıtlığı ilə bağlı oxşar vəziyyət bundan əvvəl də bir neçə dəfə yaşanıb. Sonuncu dəfə bu ilin fevral ayında apteklərdə “Valerian” tapılmırdı. O zaman bu preparatın tapılmamasını dərmanın istifadə müddətinin başa çatması ilə əlaqələndirdilər.
Qeyd edək ki, “Valerian”dan ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkən şəxslər tez-tez istifadə edirlər. Dərmanın kütləvi istifadəsi həm də onun əlçatanlığı ilə izah olunur. Belə ki, içərisində 50 həb olan “Valerian” preparatı 35 qəpiyə satılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.