“Bakı Metropoliteni” QSC ictimaiyyət üçün aktual olan növbəti ənənəvi sosial əhəmiyyətli layihəsini sərnişinlərinə təqdim edir.
Ekoloji məsələlərə həsr olunmuş layihənin əsas məqsədi aktuallaşmaqda olan problemlərin diqqətdə qalmasına dəstək olmaq, insanların bu barədə daim məlumatlı olması, maariflənməsidir. Ətraf mühitin mühafizəsinə dəstək olmaq məqsədilə metro stansiyalarında “Plastik tullantılara yox deyək!” və “Gələcək bizimlə gələcək” şüarları ilə maarifləndirici posterlər, monitorlarda elektron məlumatlandırma çarxları nümayiş etdirilir.
Stendlərdə sərnişinlərə məlumat xarakterli müxtəlif statistik rəqəmlər, faktlar təqdim edilir. Məlumdur ki, hazırkı dövrdə ətraf mühiti çirkləndirən əsas faktorlardan biri polietilen məhsulların geniş yayılması, plastik qab tullantılarının ekoloji tarazlığa təhlükə yaratmasıdır. Statistikaya görə, hər il dünyada 500 milyon ton belə məhsul istehsal olunur. Polietilen məhsulların torpaqda parçalanaraq yox olması üçün 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həm də plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur.
Lakin bir ağac bir ildə 120 kiloqrama yaxın oksigen istehsal etməyə qadirdir. Bu, üç nəfərdən ibarət bir ailənin illik tənəffüsü deməkdir.
Ümumiyyətlə, bu posterlər və onların əks etdiridiyi mövzu hər birimizi düşünməyə və fəal vətəndaş mövqeyi tutmağa, təbiətə biganə qalmamağa çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.