AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial Xidmətlər Agentliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib (FOTO)

  • + A
  • - A
  • 20-08-2021, 15:33


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib.

    Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, millət vəkilləri Hicran Hüseynova, Musa Quliyev, Hikmət Məmmədov, Sevil Mikayılova, Arzu Nağıyev, Elşad Mirbəşir oğlu, Müşfiq Məmmədli, Tamam Cəfərova, Vüqar İskəndərov və Bəhruz Məhərrəmov iştirak edib.

    V.Behbudov Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Postmüharibə dövründə şəhid ailələri və qazilər, onların yaxınlarına göstərilən sosial dəstək tədbirləri çərçivəsində Agentliyin gördüyü işləri diqqətə çatdırıb.

    Bildirib ki, Agentliyin psixoloq və psixiatr qrupları tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib. “Onlayn psixoloji dəstək xidməti”nə 1600-a yaxın zəng daxil olub ki, onlardan 1107-si psixoloji xidmətlə bağlı olub. Agentliyin bütün ölkəni əhatə edən 29 filialı və 13 müəssisəsi ilə səyyar və stasionar xidmətlər göstərilir və bu xidmətlər minlərlə şəxsi əhatə edir.

    Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının geniş miqyas aldığını vurğulayan V.Behbudov qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur. Bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. Artıq bu ilin planı üzrə nəzərdə tutulan 3 min mənzil və fərdi evdən 1300-ü qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza təqdim olunub. İlin sonunadək regionlarda 460-dan çox fərdi ev tikilərək şəhid ailələrinə və müharibə əlillərinə təqdim ediləcək. 2019-cu ildə əlilliyi olan 600 nəfər, 2020-ci ildə isə 400 nəfər, ümumən ötən dövrdə 7250 nəfər müharibə əlilinə Nazirlik tərəfindən avtomobil verilib. 2021-ci ildə müharibə əlillərinə ümumilikdə 160-a yaxın avtomobilin verilməsi hədəflənib ki, onlardan 50-si artıq təqdim edilib.

    Agentliyin fəaliyyətində e-texnologiyaların geniş tətbiqi, şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyatı prosesinin elektronlaşdırılması işləri barədə də məlumat verilib. Tənha yaşlı və əlilliyi olan şəxslərə evlərində sosial xidmətlər, stasionar sosial xidmətlər, övladlığagötürmə, imtiyazlı şəxslərin sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində aparılan işlərə dair təqdimatlar edilib. Reallaşdırılan layihələr və görülməkdə olan işlərdən bəhs olunub.

    Sonra Agentlik tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə hazırlanan “Unudulmazlar”, “Övladını tanı”, “Autizm dərs”, “Serebral dərs”, “Danışan kitab” və “Surdotv.az” mobil tətbiqlərinin videogörüntüləri təqdim olunub, onların əhəmiyyəti və üstünlükləri barədə ətraflı məlumat verilib.

    Görüşdə Milli Məclisin üzvlərini maraqlandıran suallar cavablandırılıb, müxtəlif təkliflər ətrafında müzakirələr aparılıb. Milli Məclisin deputatları sosial xidmət sahəsi ilə bağlı fikirlərini ifadə ediblər. Belə görüşlərin davamlı olaraq keçirilməsinin, həmçinin qarşılıqlı əməkdaşlığın artırılmasının əhəmiyyəti vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR