Lənkəran Dövlət Universitetində (LDU) onlayn-distant formatda Beynəlxalq elmi-praktik konfrans keçirilib. LDU-nun Avrasiya Universitetləri Assosiasiyası ilə birgə təşkil etdiyi konfrans “Azərbaycan yeni inkişaf mərhələsində - postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi :müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusuna həsr edilib.
Beynəlxalq konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. Konfrans iştirakçılarını salamlayan professor Natiq İbrahimov bildirib ki, bu gün müzakirəsinə toplaşdığımız mövzu həqiqətən çox aktual və vacib bir problemə həsr olunub. Çünki ərzaq və qida təhlükəsizliyi təkcə bir regionun, bir ölkənin deyil, demək olar ki, bütün dünyanın əksər ölkələrinin problemidir. Məhz belə bir marağın nəticəsidir ki, bu günkü Beynəlxalq konfransa ölkəmizin universitetləri , AMEA-nın istitutları , dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən- Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Belorusiya, Qazaxıstan, Moldova, Latviya, İspaniya, Litva, Polşa və s. ali təhsil və elmi müəssisələrinin çoxsaylı nümayəndələri qoşulub. Rektor N.İbrahimov COVİD-19 pandemiyası səbəbindən konfransın onlayn keçirilməsindən təəssüfləndiyini bildirib, növbəti elmi tədbirlərin əyani keçirilməsinin vacibliyini və daha səmərəli olacağını xüsusi vurğulayıb.
“Texnologiya və texniki fənlər” kafedrasının professoru, texnika üzrə elmlər doktoru Mikayıl Məhərrəmov konfransda “Azərbaycan yeni inkişaf mərhələsində - postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi: müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusunda geniş məruzə edib. Məruzəçi qeyd edib ki, qida insanların ətraf mühitlə ən vacib əlaqə formasıdır. Ərzaq xammalları və qida məhsullarının təhlükəsizliyi əhalinin sağlamlığını müəyyən edən əsas amillərdən biridir. İnsanların sağlamlığının qorunub saxlanmasında ən böyük rol qida məhsullarına məxsusdur. ÜST müəyyən etmişdir ki, istənilən ölkənin ərzaq təhlükəsizliyi- bu ölkənin bütün əhalisinin və sosial qruplarının qida məhsullarına fiziki və iqtisadi əlçatanlığının təmin edilməsi, öz ehtiyaclarını ödəyə biləcək qədər ərzaq istehsalının mövcudluğu və yaşayış minimunu təmin edən sosial siyasətin həyata keçirilməsidir. ÜST-nın məlumatına görə hazırda dünyada baş verən ölümlərin 60%-i ümumdünya qida rasionunun dəyişməsi ilə əlaqədar olub, daha çox sənaye miqyasında istehsal olunan yağlı, duzlu və şirin xörəklərlə bağlıdır. Qida mənşəli xəstəliklər sosial -iqtisadi inkişafa maneə olub, səhiyyə sistemlərinə əlavə problem yaradır, milli iqtisadiyyata, turizmə və ticarətə külli miqdarda zərər vurur. Son illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və qida məhsullarının və qida xammalının təhlükəsizliyinin təmin olunmasına nəzarəti gücləndirmək üçün böyük işlər görülsə də, buna baxmayaraq, qida təhlükəsizliyinin təmin edilməsi məsələsi hələ də aktual olaraq qalır. M.Məhərrəmov məruzəsində Lənkəran Dövlət Universitetində bu istiqamətdə görülən işlərdən də söz açıb. Bildirib ki, universitetdə 2015-ci ildən sonra kadr hazırlığı aparılan baytarlıq, qida mühəndisliyi, turizm və otelçilik, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, ekologiya və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib. Həmin laboratoriyalar İngiltərədən, Rusiyadan, Çin və s. ölkələrdən alınmış müasir xromatoqraf, homogenizator, sentrifuqa, pH-metr, ionometr, spektrofotometr, kolorimetr, refraktometr, elektron mikroskoplar, soyuducu, dondurucu, quruducu, sorucu şkaflar və s. kimi avadanlıq və cihazlarla təmin edilmişdir . Bundan başqa “Torpaqşünaslıq” laboratoriyası da aınmış, onun da quraşdırılması yaxın günlərdə başa çatdırılacaqdır. Rusiya Federasiyasının “Texnoanalit” Elm- istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik “TA- Ekolab” analizatoru bu tədqiqatlar üçün etibarlı vasitədir. Azərbaycan Respublikasında ilk dəfə olaraq həmin qurğudan Universitetin “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyasında doktorantlar, müəllim və tələbələr istifadə edir və bu istiqamətdə işlər davam etdirilir.
Məruzə ətrafında konfrans iştirakçılarından AMEA Lənkəran Regional Elm mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin Lənkəran Regional İdarəsinin rəisi, iqtisad elmləri namizədi, dosent Samid Ağayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, texnika elmləri namizədi Tahir Əmiraslanov, Kiyev Milli Qida Texnologiyası Universiteti, “Restoran və ayurvedik məhsullar” kafedrasının müəllimi ,texnika elmləri namizədi, dosent Lyudmila Deyniçenko, Türkiyənin Çukurova Universitetinin Bitki mühafizəsi bölümünün başkanı, professor Sadetdin Baloğlu, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri ,fizika elmləri doktoru, professor Rövnəq Rzayev, Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi və Turizm” kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev çıxış ediblər.
Konfrans işini bölmələrdə davam etdirir. “Ərzaq və qida təhlükəsizliyi-sağlamlığın əsasıdır: problemlər, çağırışlar, perspektivlər”, “Postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyinin aktual problemləri və iqtisadi aspektləri”, “Konfliktlərin və qlobal problemlərin ərzaq və qida təhlükəsizliyinə təsiri” bölmələrində 100-ə yaxın elmi məqalə dinlənilərək müzakirə ediləcək.