Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbə nəticəsində 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etmişdir. Çarəsiz qalıb məğlubiyyəti həzm edə bilməyən Ermənistan ordusu və əhalisi bölgədə ölüm-dirim anlarında belə yenə də Azərbaycana qarşı qisasçılıq fəaliyyətlərini davam etdirərək ekoloji terrorlar həyata keçirmiş, evlərlə yanaşı, meşələri də yandırmış, təbiətə külli miqdarda ziyan vurmuşlar.
Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunmşdur. Ərazisinin böyüklüyünə Azərbaycan rayonları arasında görə birinci yerdə duran bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə, 145 yaşayış məntəqəsi olmuşdur. İşgaldan sonra Kəlbəcərin 60 min əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 770 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşamışlar. İşğal zamanı bu ərazidə 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür.
Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayı hövzəsində yerləşən Kəlbəcər qərbdən Ermənistan, şimaldan ölkəmizin Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər ekoturizm sərvətlərinə görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək mümkündür.
Rayonun ən yüksək dağlıq zirvələrindən başlanğıcını götürən, ilboyu çox suyu olan Tərtər çayı və 30-dan çox böyuklü-kiçikli qolları (Levçay, Tutqunçay), onlardan nisbətən çox sulu və uzun olan Tutey cayı, Bazar çayı və digər çaylar bu əraziyə bərəkət və gözəllik gətirir. Bu yerlərin səthi quruluşu əsasən yüksək dağlıq ərazilərdən ibarətdir. 10-dan çox vulkanik göl, rayon ərazisində olan nisbətən böyük və kiçik Alagöllər, Zalxagöl, Sərsəng su anbarı və s. bu yurdun zəngin təbii sərvətidir. Kəlbəcər çoxsaylı müalicəvi termal və mineral sulara, zəngin meşələrə, yabanı bitən cır meyvələrə, müalicəvi dərman bitkilərinə, tarixi, mədəni, dini abidələrə və s. malikdir.
Bu yaşayış məskəni Azərbaycanın ən yüksək dağlıq rayonu olub, ərazisinin 80 faizə qədərini dəniz səviyyəsindən hündürlüyü 2000 metrdən çox olan yüksəkliklər təşkil edir. Kəlbəcərin meşələrinin ümumi sahəsi 30 min hektara yaxındır. Rayon dağ idman və ovçuluq turizminin inkişafı üçün əlverişlidir.
Burada əhalinin sağlamlığının və istirahətinin təşkili üçün Kəlbəcərə dünya şöhrəti qazandırmış Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi termal və mineral su yataqları yerləşır. Keçmiş sovetlər dövründə rayon ərazisində olan “İstisu” termal sular sanatoriya kompleksinə hər il mövsüm ərzində 20 min nəfərdən çox insan gələrək sağlamlıqlarını bərpa edirdi. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildikdən sonra sanatoriya kompleksi dağıdılmış, bu mənfur düşmən tərəfindən yerli termal isti suları “Cermuk” suyu adı ilə öz brendləri kimi dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə və ABŞ-a çıxarılaraq yüksək qiymətə satılmışdır.
Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınan müalicəvi mineral su olub, bır çox xəstəliklərin dərmanıdır. Kimyəvi tərkibinə görə də dünyada ən mühüm yerdədir. “İstisu” sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Yüksək radioaktivlik, böyük miqdarda karbon iki oksidin miqdari, istilik xüsusiyyətləri, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balonoloji təsirini artırır. Çox vaxt Kəlbəcərin “İstisu”yunu dünyanın gəzinti, istirahət və müalicə üçün ən möhtəşəm və əvəzedilməz məkanlarından biri olan Karlovı Varı ilə müqayisə edirlər. Mütəxəssislər yazırlar ki, Kəlbəcərin “İstisu”yu Karlovı-Varıdakı sudan keyfiyyətcə hec də geri qalmır, hətta bəzi xassələrinə görə ondan üstündür.
Kəlbəcər rayonu ərazisində müxtəlif müalicəvi termal və mineral su mənbələri ilə yanaşı, faydalı qazıntıları olan, o cümlədən ehtiyatları 112,5 ton olub istismar edilən Söyüdlü (Zod), Ağuzdağ və Tutxun qızıl yataqları, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Kilsəli tuf yatağı, kərpic istehsalına yararlı Keşdək gil, Keçəldağ perilit, Çəpli qum-çınqıl qarışıq, nefroid, xrom və s. yataqları var. Erməni işğalından azad olmuş bu kimi faydalı qazıntı yataqları yaxın illərdə rayona turist kimi və ya dincəlməyə gələnlərin ekskursiyası üçün ən maraqlı ərazilərdən biri olacaqdır.
Bu rayonda Azərbaycanda yeganə vulkan mənşəli dərinliyi 4-10 metr olan şirin sulu Alagöllər, Qaragöl, Zalxa gölü və s. göllər var. Həmin göllərin dəniz səviyyəsindən hündürlüyü 2729-2739 və 2666 metrə bərabər olub, onların orta dərinlikləri 4-10 metrdir. Bu göllərin suyunun ideal şəkildə təmiz olmasından istifadə edib, orada farel balıqları təsərrüfatını inkişaf etdirmək və zəli yetişdirib Avropa ölkələrinə ixrac etmək mümkündür.
Tarixi-mədəni abidələrin sayına görə Kəlbəcər rayonu Azərbaycanda birinci yerdə durur. Onların əksəriyyəti ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmişdir. Ən qədim abidələr içərisində Çıldıran kəndində yerləşən 12-ci əsrə aid Alban məbədini, Dovmaxlar kəndində yerləşən 1668-ci ildə inşa edilmiş kilsəni, Yaqub kəndində 635-ci ildə inşa edilən Yaqub kilsəsini, 1251-ci ildə inşa edilmiş Bazarkənd məbədini, 672-ci ildə Yayıcı kəndlərdə inşa edilmiş Alban məbədini, 10-cu əsrdə Kormanlı kəndində inşa edilmiş Alban məbədini, Həsənqız kəndində 1283-cü ildə inşa edilmiş Alban məbədini, 13-cü əsrdə inşa edilmiş Şorbulaq kəndindəki Alban məbədini göstərmək olar. Kəlbəcər ərazisindəki Alban abidələrinə “Xudavəng”, “Laçınqaya”, “Lev”, “Uluxan” və s. aiddir. Bu abidələrin içərisində erməni işğalından sonra nisbətən salamat qalanı “Xudavəng” məbədidir.
Kəlbəcər rayonunun ərazisində yayılmış 4 mindən artıq bitki növündən 200-ə qədəri dərman bitkiləridir. Bu torpaqda ayıdöşəyi, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyürtkən, bulaqotu, qaytarma, qantəpər, qarağat, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək və s. bitkilər bitirdi. Rayonun əsasən mərkəzi və şərq hissələrində yerləşən meşələri yalnız enliyarpaqlı ağaclardan təşkil olunmuş palıd, fıstıq, vələs, göyrüş, qovaq, qaraağac, söyüd, çinar, dağdağan, ayıgilası, şam, ardıc və s. meşə-çöl bitkiləri ilə deyil, həm də meyvə ağacları - alma, armud, qoz, tut, fıstıq, itburnu, yemişan, qarağat, moruq, gilas, gilənar və s. ilə də zəngindir.
Göründüyü kimi, Kəlbəcər rayonu ərazisində mövcüd ekoturizm sərvətləri yerli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçun əsas resurs potensialına malikdir. Ekoturizm resurslarının səmərəli istifadə edilməsi üçün böyük maliyyə resursları lazımdır. Tam əminliklə demək olar ki, Azərbaycanımızın bugünkü inkişafı, praqmatik dövlət başçısı, ölkə Prezidentinin titanik səyi və apardığı məqsədyönlü siyasəti nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin ehtiyatların istifadəsinə imkan yaradılacaq və Kəlbəcərin sərvətləri Azərbaycan büdcəsinə öz töhfəsini verərək, unikal təbiətli Kəlbəcəri dünyəvi turizm şəhərinə çevirəcəkdir.
Ağahüseyn Orucov,
Salyan rayon Parça Xələc kənd tam orta məktəbin direktor əvəzi