AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəhman Hacıyev: “QDF fəaliyyətini Prezidentin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirir”

  • + A
  • - A
  • 3-11-2022, 15:56

    Rəhman Hacıyev: “QDF fəaliyyətini Prezidentin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirir”

    Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin AZƏRTAC-a məxsusi müsahibəsini təqdim edirik:
    Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun bir neçə gün əvvəl dərc edilən maliyyə hesabatları, Fonda edilən ianələr və Qarabağda aparılan bərpa və yenidənqurma işlərində qurumun iştirakı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
    -Rəhman müəllim, bir neçə gün əvvəl dərc edilən hesabatlarda əks olunduğu kimi, Fond kifayət qədər böyük həcmdə ianələrin cəlb edilməsinə nail ola bilib. Bu ianələrin hansı hissəsi şirkətlərin, fiziki şəxslərin və ya dövlət qurumlarının üzərinə düşür?
    -Sualınıza cavab verməzdən əvvəl qeyd etmək istərdim ki, “PwC Azərbaycan” şirkəti bir neçə ay davam edən audit nəticəsində Fond tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanan maliyyə hesabatlarına dair rəyini təqdim edib.
    Həmin hesabatlar 2021-ci il 31 dekabr tarixinə maliyyə vəziyyəti haqqında hesabat, başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və əsas uçot siyasəti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydləri əhatə edib.
    “PwC Azərbaycan” şirkətinin rəyinə əsasən, maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.
    Sualınıza gəldikdə isə, qeyd etmək istərdim ki, QDF yarandığı gündən etibarən indiyədək bir çox şirkətlər, iri sahibkarlar, minlərlə fiziki şəxslər və bəzi dövlət qurumları Fonda müxtəlif məbləğlərdə ianə edib. Bu, əlbəttə ki, xalqımızın həmrəyliyinin birbaşa təzahürüdür.
    İanə məbləğlərinə gəlincə isə, 2021-ci il 31 dekabr tarixinə toplam ianə məbləği 892 milyon 206 min 306 AZN təşkil edib.
    İanə olunan məbləğin, 889 milyon 781 min 34 AZN-i (99.73 faiz) şirkətlər və iri sahibkarların, 296 min 264 AZN-i (0.03 faiz) fiziki şəxslərin, 2 milyon 129 min 8 AZN-i (0.24 faiz) isə dövlət qurumlarının üzərinə düşür.
    Rəqəmlərdən gördüyünüz kimi, ianələrin ən böyük payı şirkətlər və iri sahibkarlara düşür. Lakin fiziki şəxslərin etdikləri ianələrin həcmi çox olmasa da, sayca məhz bu ianəçilər əksəriyyət təşkil edir. Hazırda artıq minlərlə fiziki şəxs Qarabağ Dirçəliş Fondunun ianəçiləridir və bu tendensiya artmaqdadır.
    Əminəm ki, məbləğindən asılı olmayaraq, hər bir ianə çox vacibdir və Qarabağın bərpasında böyük rol oynayacaq.

    -Dövlət qurumlarının ianə etdiklərini dediniz. Dövlət qurumları bunu hansı formada həyata keçirib? Burada büdcədən ayrılan vəsait və ya əməkdaşların əməkhaqlarından tutulmalar nəzərdə tutulur?
    -Bu, olduqca maraqlı və vacib sualdır.
    İlk növbədə, qeyd olunmalıdır ki, hazırda Qarabağ Dirçəliş Fonduna Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq ayrılan nizamnamə kapitalından başqa hər hansı büdcə vəsaiti ayrılmayıb.
    Həmin nizamnamə kapitalı 1 milyon manata bərabərdir və hər hansı əməliyyatlar üçün istifadə olunmur. Fond bütün xərclərini investisiya fəaliyyətindən əldə olunan mənfəət hesabına ödəyir.
    O ki qaldı dövlət qurumları tərəfindən Fonda edilən ianələrə, bizdə olan məlumata görə, ianələr daha çox büdcədən kənar mənbələr hesabına edilib. Məsələn, bir neçə dövlət qurumu ianəni həmkarlar ittifaqlarında toplanan vəsait hesabına həyata keçirib.
    Əlbəttə ki, dövlət qurumlarında çalışan vətəndaşlarımıza ianə ilə bağlı hər hansı qadağa qoyula bilməz, amma bizim üçün ən vacib prinsip ianələrin könüllü əsaslarla edilməsidir. Hər hansı əməkhaqlarından məcburi tutulmalar qəbulolunmazdır.
    -Hüquqi və fiziki şəxslər Fonda ianə etdiyi təqdirdə, onlar üçün hər hansı güzəştlər mövcuddurmu?
    -Bəli, müəyyən güzəştlər tətbiq olunmaqdadır. 2021-ci ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də məhz fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi ilə bağlı idi.
    Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, mənfəət vergisi ödəyiciləri hesabat dövrü ərzində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara köçürülən vəsaitlərin (ianələrin) həmin dövr üzrə vergi məqsədləri üçün mənfəətinin 10 faizinədək hissəsi mənfəət vergisindən azad edilir.
    Fondlara ianə formasında köçürülən həmin məbləğlər 2021-ci il 1 yanvar tarixindən 8 il müddətinə mənfəət vergisindən azad edilir.
    Lakin qeyd olunmalıdır ki, həmin azadolma paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərə şamil edilmir.
    İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salsaq, “Marşal planı”nın qəbulunu və tətbiqini görə bilərik.
    Dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi.
    Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz azad edilmiş torpaqları yüz faiz öz gücümüzə bərpa edirik.
    Bu isə dünyada hələ ki hökm sürən ikili standartların təzahürüdür.
    Lakin bu o demək deyil ki, biz bu vəziyyətlə razılaşmalıyıq. Beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları ilə müvafiq əlaqələr qurulmalıdır ki, onların diqqəti Qarabağın dirçəlişi məsələsinə cəlb olunsun.
    Prezident İlham Əliyevin bir az əvvəl qeyd etdiyim nitqində də bununla bağlı konkret istiqamət göstərilib. Bu səbəbdən, Qarabağ Dirçəliş Fondu fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçirir.
    Əlbəttə, beynəlxalq institutlarla əməkdaşlığın qurulması üçün Fondun fəaliyyətinin şəffaflıq prinsipləri əsasında qurulması çox vacibdir. Biz bunu anlayırıq və məhz bu səbəbdən də kənar auditin məhz dünyanın aparıcı audit şirkətlərinin biri tərəfindən keçirilməsini seçdik.
    Əminəm ki, Fondun şəffaflıq və müasir korporativ idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsi beynəlxalq institutlarla əməkdaşlığımızın qurulmasına böyük töhfə verəcək.
    -Yaxın gələcək üçün Fondun fəaliyyətinin prioritet istiqamətləri kimi hansı
    prioritet istiqamətləri kimi hansı məsələlər müəyyən olunub?
    -Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunan “2022-2025-ci illər üzrə strateji istiqamətlər” adlı sənəddə fəaliyyətimizin prioritet istiqamətləri öz əksini tapıb.
    İlk növbədə, qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni irsin bərpası və yenidən qurulması prosesinə maliyyə dəstəyinin göstərilməsi, işğaldan azad edilən ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi, o cümlədən erməni işğalı nəticəsində Qarabağın ekologiyasına dəyən zərərin aradan qaldırılması və Qarabağın investisiya və işgüzar potensialının təşviqi Fondun əsas prioritet istiqamətləri arasında yer alır.
    Bundan başqa, Fond cəmiyyətin inkişafına öz töhfəsini vermək niyyətindədir. Bu səbəbdən, yerli və beynəlxalq tədqiqatçıların diqqətini işğaldan azad olunmuş ərazilərin gələcək imkanlarının təhlilinə cəlb etmək məqsədi daşıyan tədqiqatların stimullaşdırılması, burada məskunlaşan həmvətənlərimizin bacarıq və biliklərinin inkişaf etdirilməsini hədəfləyən layihələrə də önəm veriləcək.
    Bundan əlavə, fəaliyyətini mütərəqqi idarəetmə əsasında quran Fond işğaldan azad edilmiş ərazilər və bütövlükdə Azərbaycan dövləti üçün uzunmüddətli və davamlı əlavə dəyər yaradaraq, cəmiyyətimizə müsbət təsir göstərmək üçün nümunəvi və məsuliyyətli investor olmağa və investisiya imkanlarından bəhrələnməyə çalışacaq.
    Bu istiqamətlərlə bağlı daha ətraflı məlumatı aşağıda göstərilən keçiddə əldə etmək mümkündür:
    https://qdf.gov.az/prioritetler/
    Yekunda bir daha qeyd etmək istərdim ki, Qarabağın dirçəlişi xalqımızın qarşısında duran mühüm vəzifələrdən biridir və qarşımızda duran məqsədlərə çatmaq üçün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməliyik.
    Əminəm ki, yalnız birlikdə biz bu gözəl bölgəni daha da gözəl bərpa edəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR