AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda statistika sisteminin inkişaf yolu və gələcək perspektivləri

  • + A
  • - A
  • Bu gün, 11:57

    Azərbaycanda statistika sisteminin inkişaf yolu və gələcək perspektivləri

    Bildiyimiz kimi BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq 2025-ci ilin 20 oktyabrında “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya Statistika Günü qeyd olunacaqdır. Azərbaycanda bu günün qeyd olunması statistikanın inkişafı və gələcək perspektivləri üçün mühüm töhfədir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda statistikanın təşkil olunmasının 179, rəsmi statistikanın isə 105 yaşı tamam olur.

    Statistika-məlumatların toplanması, təşkili, təhlili, şərh edilməsi və nəticələrin çıxarılması ilə məşğul olur. Statistikanın əsasını kütləvi sosial-iqtisadi hadisə və proseslər təşkil edir. Statistika sosial-iqtisadi həyat hadisələrinin kəmiyyət və keyfiyyət tərəflərini ayırmadan öyrənən bir sahədir. Bu sahə böyük və mürəkkəb məlumat dəstəsindən yekun nəticələr çıxarmağa kömək edir. Statistika iqtisadiyyatdan tutmuş səhiyyə, texnologiya və dövlət idarəçiliyinə qədər geniş tətbiq sahələrinə malikdir. Cəmiyyət həyatında baş verən hadisə və proseslər statistika tərəfindən statistik göstəricilər vasitəsiylə öyrənilir. “Statistika “ termini latın dilində “status” (vəziyyət) sözündən yaranıb və mənası hadisələrin vəziyyəti deməkdir.
    Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanılmışdır.
    1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.
    1994-cü il Azərbaycanda statistikanın tarixində xüsusi bir il olmuşdur.18 avqust 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Statistika haqqında” Azərbaycan Respublikasının qanunu imzalanmışdır . Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsiplərinin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir . Qanunun qəbul olunması statistika sistemində yeni hüquqi bazanın yaranmasına zəmin yaratdı.

    Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır. 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.1.2.9-cu bəndinə əsasən 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması uğurla keçirilmişdir.

    Beynəlxalq Təşkilatlarla əməkdaşlıq komitənin fəaliyyətinin əsas istiqamətlərindən biri hesab olunur. Dövlət Statistika Komitəsi BMT və onun təşkilatları, Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dünya ölkələrinin milli statistika xidmətləri ilə birgə layihələrin icrası, o cümlədən təcrübə proqramları həyata keçirilir.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.

    Qlobal tendensiyalar, texnologiyaların sürətli inkişafı və məlumatlara artan tələbat statistika sisteminin təkmilləşdirilməsinə daim ciddi əsaslar yaradır. Azərbaycanda rəsmi statistika sisteminin inkişafı üçün həm texnoloji, həm də metodoloji baxımdan ardıcıl işlər görülür. Dəqiq, şəffaf, operativ və beynəlxalq səviyyədə etibarlı statistika sisteminin qurulması əsas məqsəddir. Rəsmi statistika sisteminin inkişafı istiqamətində mühüm islahatlar və layihələr həyata keçirilir.

    Azərbaycanda statistika sistemi rəqəmsallaşma, beynəlxalq inteqrasiya, açıq və şəffaf məlumat axını, o cümlədən istifadəçi yönümlü yanaşma ilə formalaşmışdır . Milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırlması, ölkənin sosial-iqtisadi inkişafını dəqiq və şəffaf şəkildə xarakterizə edən məlumatların toplanması , təhlili və yayımlanması, DİM göstəriciləri üzrə məlumatların yığılması, təhlili və təqdimatı, o cümlədən məlumatların dəqiqliyi , tamlığı və vaxtında təqdim edilməsi Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsasını təşkil edir.

    Statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olmuşdur. İstər Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə, istərsədə prezident İlham Əliyev tərəfindən ölkəmizdə statistikaya xüsusi diqqət və qayğı göstərilmiş , fəaliyyətinə isə daim yüksək qiymət verilmişdir.

    Anar Əlizadə
    Füzuli Rayon Statistika İdarəsinin
    aparıcı məsləhətçisi;







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR