Postmüharibə dövründə reabilitasiya müəssisələrində 2700-dən
çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şağan Reabilitasiya Pansionatına mediatur təşkil edib.
Azadmedia.az xəbər verir ki, media nümayəndələri Mərkəzdə əlilliyi olan şəxslərə, eləcə də 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, reabilitasiya potensialının dəfələrlə artmasına nail olunub.
Agentliyin tabeliyində Bakı və ölkəmizin regionlarında olmaqla 14 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin ilk rübündə əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar və s.) verilib.
İkinci Qarabağ müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində 2722 nəfər müharibə veteranına sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35509 reabilitasiya vasitəsi, I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.
Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.