“Autizm Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində məişət zorakılığının profilaktikası və bu kimi ailələrdə sosial rolların düzgün bölüşdürülməsinin təşviq edilməsi” layihəsini başa çatdırır. Cari ilin 01 fevral – 01 iyun tarixlərində icra edilən layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verməsi mümkün ola bilən məişət zorakılığı hallarının profilaktikasına və valideynlər arasında sosial rolların düzgün bölüşdürülməsinə nail olmaq olub. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində baş verən zorakılıq halları öyrənilib və onların qarşısının alınması yolları araşdırılıb. Bununla yanaşı həmin kateqoriyadan olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində və ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların təşviq edilməsi üçün maarifləndirmə tədbirləri keçirilib. Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı həyata keçirilən reabilitasiya işlərində, ailədaxili münasibətlərdə zorakılıq hallarından azad davranışların bərqərar olunmasını təşviq edən əyani vəsaitlər nəşr edilib. Çap olunmuş “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrində münaqişələrin profilaktikası üçün bunları bilmək vacibdir” adlı buklet və “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində sosial rolların düzgün bölüşdürülməsinə dair Məlumat kitabı” adlı metodik vəsait əsasında layihənin hədəf qrupları üçün bir sıra maarifləndirmə və məlumatlandırma tədbirləri keçirilib. Belə ki, hədəf qrupları üçün xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailə üzvləri üçün tematik təlimlər təşkil olunub və həmin şəxslərin təmsil etdikləri ailələrdə reabilitasiya işinin düzgün aparılmasına dair zəruri məsləhətlər verilib. Eyni zamanda layihə çərçivəsində psixoloji dəstəyə ehtiyacı olan şəxslərə də müvafiq qaydada psixoloji dəstəklər göstərilib. Layihə icra olunan zaman aidiyyəti dövlət qurumları və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı işləyən qeyri-hökumət təşkilatları, özəl mərkəzlər və müəssisələrlə sıx əməkdaşlıq olunub.