AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Vətən Bağı"ndan dördüncü hakimiyyətə təbrik məktubu....

  • + A
  • - A
  • 21-07-2023, 16:27

    "Vətən Bağı"ndan dördüncü hakimiyyətə təbrik məktubu....

    Emin Tarverdiyev,
    “Vətən bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri


    XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratdı. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazdırdı. Mühüm milli qüvvələrdən biri olan olan mətbuat, cəmiyyətin həyatında çox böyük rola və əhəmiyyətə sahib olmaqla bərabər, eyni zamanda dördüncü hakimiyyət hesab olunur. Buna görə də, kütləvi informasiya vasitələri xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Biz son bir əsrdə Azərbaycan mətbuatının keçdiyi keşməkeşli həyat yoluna nəzər salanda qələm sahiblərinin hansı çətinliklərin öhdəsindən gəldiyinin şahidi oluruq. İstər cümhuriyyət, istər sovetlər ittifaqı, istərsə də müstəqilliyimizin bərpası illərində və bu gün də bizim milli mətbuat dövlətimizin, xalqımızın, ədalətin, sözün tərəfində olub. “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” – deyən Zərdabinin yolunu peşəkar jurnalistlər davam etdiriblər.
    Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verib.
    “Vətən bağı” Sosial Təşəbbüslər ictimai birliyi olaraq biz müharibənin ilk günlərindən Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirmişik. Birinci Qarabağ müharibəsi dövründə şəhid jurnalistlər - Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Çingiz Mustafayev, Ali Mustafayev və Fəxrəddin Şahbazovu tarix heç bir zaman unutmayacaq. Kəlbəcərdə mina qurbanı olan Sırac Abışov və Məhərrəm İbrahimovun adları bu gün hər bir Azərbaycan vətəndaşının ürəyinə yazılıb. Bizim Tərtər rayonunda şəhidlərimizin xatirəsinə yaratdığımız “Vətən Bağı”nda bu şəxslərin adı əbədiyyətə qədər qalacaq.
    Əziz Azərbaycan mediasında çalışan dostlar, doğma insanlar... 22 iyul Sizin gününüzdü, Milli Mətbuatımızın Günüdür. Azad sözün, böyük zəhmətin günüdür. Peşə bayramını qeyd edən Sizləri təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR