2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27251,2 milyon manatlıq, o cümlədən 15036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artmışdır. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.
2024-cü ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,4 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 2,1 faiz artıb. 2024-cü ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb.