Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, Ukrayna OUN və UPA xadimlərinin təbliğindən imtina etməyəcəyi təqdirdə, Avropa İttifaqına üzvlük yolunda çox ciddi problemlərlə üzləşəcək.
Nazirin sözlərinə görə, Avropa İttifaqında Avropa əməkdaşlığına zərbə vuran şəxslərin qəhrəmanlaşdırılmasına yer yoxdur.
“Bandera ilə Ukrayna Avropa İttifaqına daxil ola bilməz. Heç kim bizə hansı ölkənin Aİ-yə üzvlüyünə necə səs verməli olduğumuzu diktə edə bilməz”, – deyə Kosinyak-Kamış bildirib.
Varşava ilə Kiyev arasında münasibətlər Polşa Prezidenti Karol Navrotskinin ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən ali dövlət təltifi – Ağ Qartal Ordenindən məhrum etməsindən sonra daha da gərginləşib. Bildirilir ki, bu qərar Ukrayna Silahlı Qüvvələrinin bir briqadasına Volın qətliamında iştirak etmiş nasistlərlə əməkdaşlıq edən şəxslərin adının verilməsi ilə əlaqədar qəbul olunub.
Polşa hökumətində bu addımın “yalnız Moskvaya sərf edəcəyi” bildirilib. Ukraynada isə qərar tənqid olunub. Həmrəylik əlaməti olaraq, bir sıra ukraynalı diplomatlar, Prezident Ofisinin rəhbəri, eləcə də ölkənin keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko Polşa dövlət mükafatlarından imtina ediblər.
Məlumata görə, Volodimir Zelenski də ona təqdim olunmuş ordeni poçt vasitəsilə Polşa prezidentinə geri göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.