Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün binaya müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin saat və dəqiqə göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və qoruyucu vasitədən düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, binanın tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini, sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır), şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) özləri ilə gətirməlidirlər.
İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 12-dən etibarən çap edib götürə bilirlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Qeyd edək ki, 18 və 19 iyun 2020-ci il tarixlərində respublikanın 38 şəhər və rayonunda 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 209 bina, 3 443 zal ayrılıb. İmtahanların idarə olunmasına 209 ümumi imtahan rəhbəri, 559 imtahan rəhbəri, 4 474 nəzarətçi-müəllim, 418 buraxılışı təşkil edən əməkdaş, 209 bina nümayəndəsi ayrılıb.
İyunun 18-də keçiriləcək imtahanlarda 24 312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19 455 nəfər olmaqla, ümumilikdə 43 767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq, imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən iki gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxararaq üzünü göstərməlidir.
Bizimlə əlaqə saxlayın