"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin 29 əməkdaşı yeni tip koronavirus ("COVID-19") infeksiyasına yoluxub.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir: "COVİD-19 virusuna yoluxan 1 əməkdaşımız isə dünyasını dünyasını dəyişib. Həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar. Xəstələrin vəziyyəti ilə "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müntəzəm maraqlanır. Ümumiyyətlə, bu məsələlərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.
Ötən müddət ərzində bu və digər səbəbdən "COVID-19" şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni" QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.
B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:
“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. “COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.
İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.