Su resursları və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis, BMT-nin İnkişaf Proqramının su məsələləri üzrə eksperti, Misirin Ətraf Mühit Agentliyinin sədrinin birinci müavini Əhməd Əlsəud su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri, o cümlədən, Azərbaycandakı mövcud durumu qiymətləndirib və bununla bağlı sualları cavablandırıb.
- Bu gün dünyanın bir çox regionlarında quraqlıq müşahidə olunur. Sizcə, bu, qlobal iqlim dəyişiklikləri ilə bağlıdır?
- İqlim dəyişiklikləri hazırda bir reallıqdır. Bunu hamımız hiss edirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstərir ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcək. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdırlar.
- Bəzi ekspertlər indiki su çatışmazlığını kənd təsərrüfatının inkişafı ilə əlaqələndirir. Doğrudanmı, bu belədir?
- Azərbaycandakı mövcud su problemlərindən danışırıqsa, şübhəsiz, bu, təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyil. Bu, sudan istifadə edən bütün sahələrə aid edilməlidir. Bu vəzifə hamının üzərinə düşür.
Təbii iqlim dəyişiklikləri səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Eyni zamanda, kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə suyun idarə olunması daha yaxşı aparılmalıdır. Bəli, Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür.
Əsas su istehlakçısı sektoru olan kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır.
- Sizin ehtimallarınıza görə, su ehtiyatlarının azalması müvəqqətidir, yoxsa uzun illər davam edəcək?
- Bu, çətin sualdır, çünki təbii və mürəkkəb proses olduğundan, heç kim gələn il nə olacağını 100 faiz əminliklə proqnozlaşdıra bilməz.
Ən pis ssenarilər əsas götürülərək, planlaşdırma aparılmalı və quraqlığın baş verməsini gözləmədən addımlar atılmalıdır. Quraqlığın davam edəcəyini nəzərə almalı və buna qarşı tədbirləri həyata keçirməyə bu andan başlamalısınız.
Hər halda, hər damla suyun faydasını dəyərləndirərək bütün sahələrdə su itkisini azaltmalıyıq.
- Problemdən çıxış yolunu nədə görürsünüz? Misirin təcrübəsindən və beynəlxalq təcrübədən çıxış edərək, bizə nə təklif edə bilərsiniz?
- Bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan bütün maraqlı tərəflərin üzərindədir. Burada təkcə dövlət qurumlarını deyil, həm sizi, həm də məni və cəmiyyətin bütün üzvlərini nəzərdə tuturam.
Quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin, suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir.
Hökumət müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir. Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiyalar verə bilək.
Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var.
Zəhmət olmasa, kranı açıq qoymayın. Evdə bir sızma varsa, mümkün qədər tez zamanda aradan qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, məlumat verin. Hər damcı suyun vacib olduğunu bilməliyik.
- Sizcə, sudan istifadəyə yanaşma dəyişməlidir?
- Bəli, mütləq dəyişilməlidir. Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya bol su dövründən su azlığı dövrünə keçir. Bu da o deməkdir ki, suya münasibətimiz tamamilə dəyişməlidir. Artıq suyu sonsuz bir mənbə kimi qəbul edə bilmərik. Bilməliyik ki, resurslar məhduddur.
Buna görə hamını su ilə bağlı davranışlarını dəyişməyə dəvət edirəm. Məktəb uşaqlarından başlamalı və suyun əhəmiyyəti barədə bütün tədris proqramlarında dərslər keçirilməlidir. Su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik.
Bu maarifləndirmə kampaniyaları hərəkətə çağırmalı, hər birimizi məsuliyyətimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha diqqətlə istifadə etməyə təşviq etməlidir.