AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar

  • + A
  • - A
  • 18-08-2020, 11:00

    Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar

    Əliabbas Salahzadə,
    Milli Məclisin deputatı


    Bu gün - avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür, Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər.
    1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Bu Qanunu Azərbaycan tarixində şərəfli gün hesab edən Ulu Öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.
    Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin nümunəsidir. Sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından başlamış, Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
    Ulu Öndərdən sonra onun yolunu peşəkarlıqla, siyasi iradəsi ilə cənab Prezident davam etdirdi. Son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür.
    Bu da təsadüfi deyil. Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.
    Xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətində olan xüsusi məsələdir. Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gələn Sərhəd Qoşunları bu baxımdan ölkəmizin qazandığı uğurlarda mühüm, danılmaz rol oynayır.
    Hazırda Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır.
    Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər. Bir sözlə desək, sərhədlərimiz cənab Prezidentin şəxsi nəzarətində, etibarlı əllərdədir.

    Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramlarını təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR