AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan erməniləri yeni fəlakətə sürükləyir: Bu dəfə...

  • + A
  • - A
  • 25-11-2020, 09:35

    Yenə “Sorosun sehirli çubuğu”na güvənən N.Paşinyan dilini dinc qoyub, anlaşmaya sakitcə riayət etməsə, Ermənistan da müstəqilliyini itirə bilər... Dekabrın 1-də Laçının Azərbaycana qaytarılması ilə 10 noyabr anlaşmasının icrasında ilk mərhələ sona çatacaq və məhz bundan sonra sənədin digər detalları aydınlaşmağa başlayacaq... Azərbaycanın bütün ərazilərində olduğu kimi, Xankəndi, Əsgəran, Xocalı, Ağdərə və Xocavənddə də Azərbaycan Konstitusiyası və qanunlarının hökmü keçərli olacaq...

    Bəzi hadisələr var ki, onları hələ baş verməzdən xeyli əvvəldən belə, müəyyən etmək mümkün olur. Həmin hadisələrin qaçılmazlığını şərtləndirən geopolitik faktorlara dayanaraq, bəzi reallıqları əvvəlcədən ehtimal etmək çətinlik törətmir. Bunun üçün sadəcə, hadisələrin inkişaf istiqamətlərini öz arxasıyla sürüyən önəmli təsiredici amillərə daha məntiqlə yanaşmaq tamamilə kifayət olur.

    Məsələn, sorosçu baş nazir Nikol Paşinyan “məzməri inqilab”la hakimiyyətə gətirilərkən Ermənistanın mövcudluğunun təhıükə altına düşəcəyi artıq proqnozlaşdırılmağa başlamışdı. Çünki Ermənistana “küçə siyasəti”nin təmsilçisi, dövlətçilik təcrübəsi olmayan bir şəxs rəhbərlik edəcəkdi. Bu, istənilən geopolitik rəqib, o cümlədən də Azərbaycan üçün “göydəndüşmə dəyişiklik” idi.

    Çünki bu “küçə siyasətçisi” Ermənistanın maraqlarını müəyyənləşdirə və onun qurunması üçün hər hansı ciddi addım ata bilməzdi. Birincisi, o, ilk növbədə “Sorosun sehirli çubuğu”nun hərəkətinə mütləq uymaq məcburiyyətiydi. “Sorosun çubuğu” hansı istiqaməti göstərsə, o, o tərəfə yönəlməyə məhkum idi.

    İkincisi, N.Paşinyan çox təcrübəsiz və real vəziyyəti qiymətləndirə biləcək qabiliyyətlərdən çox uzaq görünürdü. Ona görə də, “Sorosun çubuğu” ona Qərbi nişan verəndə, bu addımın Ermənistanı uçuruma apara biləcəyinin fərqində belə, olmaması qətiyyən təəccüb doğurmadı.

    Halbuki azca təcrübəsi və məntiqə hörmətlə yanaşmaq qabiliyyəti olsaydı, ermənilərin Cənubi Qafqazda mövcudluğunun əsas səbəbkarının Qərb deyil, məhz Rusiya olduğunu anlamaya bilərdi. Və Qərbi işarə edən “Soros çubuğu”nun rəsmi İrəvanı Rusiyadan uzaqlaşdırmaq məqsədi güddüyünü, bununsa, Ermənistan üçün “geopolitik intihar” ola biləcəyini hesablamaq çətin olmamalıydı.

    Ancaq olanlar oldu və onları düzəltmək artıq çox gecdir. N.Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra Qərbi “işıq gələn tərəf” kimi qəbul edərək, Rusiyaya arxa çevirdi. Atdığı hər addımla Kremli qıcıqlandırmağı çox gözəl bacardı.

    Hadisələrin inkişaf istiqamətləri Cənubi Qafqazda yeni savaşın yetişməkdə olduğunu göstərirdi. Ancaq N.Paşinyan “Sorosun sehirli çubuğu”na o qədər güvənirdi ki, Ermənistandan müqayisəedilməyəcək qədər güclü Azərbaycanla “çiling-ağac oynamaq”dan çəkinmirdi. Hesab edirdi ki, həmin “sehirli çubuq” onu və Ermənistanı hər bir təhlükədən xilas edəcək.

    Nəticədə bu “sehirli çubuq” onu indiki situasiyaya düçar etdi. Azərbaycanı çəkdiyi hərbi təxribatdan əlində yalnız Ermənistan adından imzaladığı biabırçı kapitulyasiya sənədi qaldı. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deyirdi, halbuki sonra atəşkəs üçün dünyada ətəyindən tutub, gözyaşı tökmədiyi, yalvarmadığı dövlət başçısı qalmamışdı.

    Amma deyəsən, hələ də ağlı başına gəlməyib. Hələ də Dağlıq Qarabağdan və onun “status”undan, “müstəqilliyi”ndən danışır. Anlamır ki, siyasət və qarşıya qoyulan hədəflər Şuşada “yallı gedib”, küçə vərdişləriylə boğazdan yuxarı bəyanatlar verməklə reallaşmaz. Yəni, azca ağlı olsa, əlindəki kapitulyasiya sənədinə qane olub, reallığa uyğun ifadələr seçərdi.

    Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev nəyin ola biləcəyini və nəyin də heç vaxt olmayacağını artıq açıq mətnlə, hər kəsin anlaya biləcəyi məzmunda bəyanlayıb. Belə ki, Azərbaycan Prezidenti vaxtilə “Qarabağ Azərbaycandır və nida” demişdi. Və Azərbaycan ordusuna ölkənin ərazi bütövlüyünü bərpa etmək əmrini verməklə sözünü tutdu.

    Eyni zamanda, Prezident İlham Əliyev bundan sonra olacaqlar barədə də birmənalı mövqeyini açıqlayıb: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Heç bir statusdan söhbət gedə bilməz. Heç bir status olmayacaq”.

    Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli sənəddə də statusla bağlı bir söz belə, mövcud deyil. Paşinyan hakimiyyətinin və ya devrilərsə, onu əvəzləyəcək yeni Ermənistan iqtidarının bu mövzuya qayıtmağa çalışması 10 noyabr anlaşmasına dəyişikliklər edilməsinə cəhd kimi dəyərləndirilə bilər.

    Təbii ki, bu, artıq qətiyyən mümkün deyil. Bu məsələ artıq qapanıb. Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həmin sənədi ən incə detallarına qədər yerinə yetirməyə məhkumdur. Və bu, hazırda Ermənistan üçün yeganə mövcudluq şərti rolunu oynayır.

    Məsələ ondadır ki, 10 noyabr anlaşmasının pozulmasına yönəlik Ermənistanın istilən cəhdi Rusiyanın qəzəbinə səbəb ola bilər. Çünki prezident Vladimir Putin öz imzasının əhəmiyyətini Ermənistan ucbatından təhlükəyə atmaz. Və rəsmi İrəvanın qeyri-konstruktivliyi Kremlin sərt reaksiyasına səbəb olar.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “10 noyabr anlaşmasının alternativi yoxdur. Onun dəyişdirilməsinə yönəlik hər hansı bir cəhd yolverilməzdir” deməsi də rəsmi İrəvana xüsusi xəbərdarlıq mesajı xarakteri daşıyır. Rusiya prezidenti V.Putin isə bu məsələyə daha açıq və sərt reaksiya verib: “Anlaşmanın pozulması Ermənistanın intiharı olardı”.

    Qeyd edək ki, prezident V.Putin bu məsələdə tamamilə haqlıdır. Çünki bu, savaşın yenidən başlaması demək olacaq. Savaşın yenidən başlayacağı təqdirdəsə, imzasına hörmətsizlik edilmiş prezident V.Putinin KTMT öhdəliklərinə əhəmiyyət verəcəyi qətiyyən inandırıcı görünmür. Deməli, Azərbaycan ordusunun bu dəfə Ermənistan sərhədlərini keçməsi qarşısında elə bir ciddi əngəl qalmamış olacaq. Bu isə prezident V.Putinin dediyi kimi, Ermənistanın intiharı anlamına gələ bilər.

    Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin dilini dinc qoyub, anlaşmaya sakitcə riayət etməsindən başqa çıxış yolu yoxdur. Rəsmi İrəvanın riayət etməli olduğu bütün məqamlarsa, anlaşmada öz əksini tapıb. Və bu, Ermənistan üçün kapitulyasiya sənədi olmaqla yanaşı, həm də yeganə xilas “pəncərə”sidir.

    N.Paşinyanın indi Dağlıq Qarabağdan və “müstəqillik”dən danışması tamamilə yersiz və mənasızdır. Çünki bütün şərtlər Azərbaycanın xeyrinə dəyişib. Hətta Rusiya prezidenti V.Putin belə, Dağlıq Qarabağın gələcək taleyini açıq mətnlə ifadə edib: “Heç Ermənistan özü də bu illər ərzində Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

    Paşinyan hakimiyyəti artıq bu inkaredilməz reallıqla barışmaq məcburiyyətindədir. Dağlıq Qarabağ adlı sovet dövründən qalma ərazi bölgüsü artıq mövcud deyil. Mövcud olmayan hansısa mifik ərazilərə hansısa xüsusi statusun verilməsi və ya onların “müstəqilliyi”nin tanınması örnəyi dünya praktikasında yoxdur.

    Təbii ki, bütün bunlar tezliklə rəsmi sənədlərdə də öz əksini tapacaq. Dekabrın 1-də Laçının Azərbaycana qaytarılması ilə 10 noyabr anlaşmasının yerinə yetirilməsinin ilk mərhələsi sona çatacaq. Məhz bundan sonra anlaşmanın digər detallarının aydınlaşması başlayacaq.

    Belə ki, hazırda rus sülhməramlılarının nəzarətində olan ərazilərə qayıdan ermənilərin orada yaşamaq hüquqlarının rəsmi sənədlərlə dəqiqləşdirilə biləcəyi gözlənilir. Orada yaşamaq hüququ qazanan hər bir erməni Azərbaycan vətəndaşlığını qəbul etməli olacaq. Azərbaycan ərazisində yaşamaq istəyən hər bir fərd milliyətindən asılı olmayaraq, Azərbaycan pasportu daşıyaraq, vətəndaş kimi hüquqi qeydiyyata düşməyə borcludur.

    Anlaşmanın yerinə yetirilməsinin ikinci mərhələsi böyük ehtimalla məhz hüquqi boşluqların doldurulması ilə diqqəti çəkəcək. Azərbaycanın bütün ərazilərində olduğu kimi, Xankəndi, Əsgəran, Xocalı, Ağdərə və Xocavənddə də Azərbaycan Konstitusiyası və qanunlarının hökmü keçərli olacaq.

    Fikrimizcə, bu proses dekabr ayının əvvəllərindən etibarən artıq tədricən başlayacaq. Ona görə də, N.Paşinyan "müstəqillik yuxusu"ndan nə qədər tez ayılsa, Ermənistan və Azərbaycanda yaşamağa hazırlaşan ermənilər üçün daha faydalı olar. Əks halda, bu “yuxu” Ermənistan üçün daha fəlakətli nəticələrə yol aça bilər. /Musavat.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR