Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Böyük Britaniyada yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Derbi Şəhər Şurasına müraciət edib.
Derbi Şəhər Şurasının baş icraçı direktoru Paul Simpsona ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanınması ilə bağlı təklif yalan və ermənipərəst təbliğatdan ibarətdir.
Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən İngiltərə dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara qarşı olmaqla yanaşı, həm də Azərbaycan-İngiltərə əlaqələrinə zərbə vura bilər.
Vurğulanıb ki, qəbul olunmuş qərar Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrə və Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə göstərilmiş etimada hörmətsizlik kimi dəyərləndirilir. İnanırıq ki, qəbul olunmuş qərar tezliklə Şura tərəfindən ləğv ediləcəkdir.
Qeyd edək ki, etiraz məktubu Britaniya Azərbaycanlıları İcması, Britaniya Azərbaycanlıları Assosiasiyası, Beynəlxalq Azərbaycan İcması təşkilatları və İngiltərədə yaşayan azərbaycanlılar tərəfindən ünvanlanıb.