“Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Sizin Fərmanınızla xüsusi fond yaradılıb və bu fonda 114 milyon manatdan artıq vəsait yığılıb”.
Bu sözləri Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, koronavirus infeksiyasına qarşı mübarizədə Prezident tərəfindən verilən tapşırıqlar təyinatı üzrə həyata keçirilib:
“Cənab Prezident, Siz dediniz, bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatlıqdan artıq dəstək göstərilib. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.
Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Sizin Fərmanınızla xüsusi fond yaradılıb və bu fonda 114 milyon manatdan artıq vəsait yığılıb. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilib.
Möhtərəm cənab Prezident, təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var.
Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaqdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.