“Deputat həmkarım Nurlan Həsənovu savadlı, bacarıqlı və vəzifəsinin öhdəsindən gələn bir həmkar kimi tanımışam. Onun mətbuata verdiyi açıqlamaya görə təhqirlərə məruz qalması mənə ağır gəlir. Hərçənd ki, əksər millət vəkilləri, hökumət və hökumət üzvləri müntəzəm olaraq oxşar rəftara məruz qalırlar. Tənqid etmək, razılaşmamaq, fərqli fikir söyləmək, debata çağırmaq, arqumentlə çıxış edib öz fikrini müdafiə etmək olar, amma təhqir, söyüş, aşağılama ən murdar əməldir və bu cür davranışları qətiyyətlə pisləyirəm”.
AzadMedia.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, təhqir və söyüşlərin yağış kimi yağmasına şərait yaradanlar da məsuliyyət daşıyır:
“Əgər mənim yazımın, statusumun altında bir şəxsiyyət təhqir olunursa və onlar silinmirsə, bu da məsuliyyət yaradır. Deputat Nurlan Həsənovun təhqir olunmasına və aşağılanmasına imkan yaradanlar doğru yolda deyil. Tənqid etmək olar, təhqir yox, metafora olar, aşağılama yox.
Mən bütün sosial şəbəkə istifadəçilərini yazdıqları hər bir status və şərhə görə məsuliyyət hiss etməyə dəvət edirəm. Media vasitələrini paylaşdıqları yazıların altında yazılan söyüşləri, təhqir və aşağılamaları silməyə çağırıram. Başa düşmək lazımdır ki, bu cür qeyri-adekvat, qeyri-etik və qeyri-leqal hərəkətlər çoxlarının yalan danışmasına, populist çıxışlar etməsinə səbəb olur və səmimi düşüncələrini bölüşmələrinə maneə yaradır. Nəticədə isə ölkəmiz yalanlara, populizmə və mədəniyyətsizliyə sürüklənir”.
R.Nurullayev qeyd edib ki, insan özünə rəva görmədiyi söyüş və təhqirləri başqasına rəva görməməlidir:
“Siz təhqir etdiyiniz və aşağıladığınız şəxsdən üstün olduğunuzu sübut edə bilməzsiniz. Heç kim heç kimdən üstün deyil və başqasının da təhqir edilməsi yolverilməzdir. Təhqir və söyüş ilə məşğul olanlar bilsinlər ki, yazdıqları Allahın dərgahında 100 faiz özlərinə dönür. Cəhənnəmin qır qazanında yanmaqdan qorxun”.