Vahid vəsiqə nə vəd edir?
Azərbaycanda uzun illər media sahəsinə və onun inkişafına nəzarət sistemini Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu həyata keçirirdi.
KİVDF adlı qurumun fəaliyyəti isə heç də ürəkaçan deyildi. Zamanla müxtəlif platformalarda bu qurumun fəaliyyəti tənqid edilirdi.
Azərbaycan mediasının xaotik vəziyyətdə olması və dərin islahatların aparılmasının labüdlüyü izah olunurdu. Eyni zamanda, müzakirələrdə KİV-in inkişafı üçün ayrılan vəsaitin ədalətli bölüşdürülməməsi, jurnalistlərə mənzillərin verilməsində baş verən qanunsuzluqlar, müsabiqələr zamanı daha çox qurumun keçmiş rəhbərinə yaxın olan şəxslərin qalib seçilməsi ilə bağlı fikirlər səsləndirilirdi.
Elə bütün bu halların nəticəsi kimi fondun eks rəhbəri Vüqar Səfərli bu ilin əvvəlində hüquq-mühafizə orqanları tərəfindən həbs olundu. O, dövlətə külli miqdarda zərər vurmaqda ittiham edilir.
Belə bir şəraitdə medianın şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına ehtiyac yaranıb. Ona görə də bu sahədə mövcud durumun müsbət istiqamətdə dəyişdirilməsi və islahatların dərinləşdirilməsi üçün fondun nəzdində Prezident İlham Əliyevin fərmanı ilə bu ilin əvvəlində Medianın İnkişafı Agentliyi yaradıldı.
Fond Agentlik kimi fəaliyyətə başladıqdan sonra mövcud problemlərin həllinə yönəlmiş bir sıra işlər həyata keçirir.
Bildirək ki, hazırda “Media haqqında” yeni qanun layihəsinin hazırlanması və təqdim olunması istiqamətində iş gedir.
“Qafqazinfo” xəbər verir ki, agentliyin rəhbəri Əhməd İsmayılovun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələri haqqında qanundan fərqli olaraq, yeni layihədə Azərbaycanda media subyektlərinin bütün dairəsi əhatə edilməlidir.
O bildirib ki, həm onlayn, həm çap medianın meyarlarının, həm də audio-vizual media üçün lisenziyaların verilməsi, reyestrin aparılması, sistemləşdirilməsi nəzərdə tutulur. Həmçinin, yeni qanunda jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək.
Ə.İsmayılov son müsahibələrinin birində jurnalistlərə vahid vəsiqələrin veriləcəyini bildirmişdi. Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Bir qisim bunu müsbət qarşılasa da, alternativ fikir bildirənlər də az deyildi. Bildirək ki, eyni təcrübə qonşu Türkiyədə uzun müddətdir tətbiq olunur və bunun bir sıra üstünlükləri var.
Həmin üstünlüklər dövlət tərəfindən tanınmış jurnalist olmaq, ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək, muzeylərə, qalereyalara və mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə müvafiq qaydada ödənişsiz daxil olmaq, əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin hadisələrin baş verdiyi məkanlara daxil olmaq, dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatlarını birbaşa əldə edə bilmək, beynəlxalq xəbərləri daha rahat əldə etmək imkanı qazanmaq, rəsmi tədbirlərin həyata keçirilməsi zamanı peşə fəaliyyəti ilə əlaqədar üstünlüklərdən yararlanmaqdır.
Professor Qulu Məhərrəmli media nümayəndələrinə vahid vəsiqə verilməsi məsələsi ilə bağlı “Qafqazinfo”ya bildirib ki, vəsiqənin verilməsində niyyət mediaya doluşmuş reket tipli adamları neytrallaşdırmaqdırsa, məram nə qədər yaxşı olsa da, bu, məsələnin həlli deyil:
“Çünki reketçilik jurnalistika hadisəsi deyil, sosial hadisədir. Reketçilik tək mediada yox, hər yerdə var. Bu gün başqa sahələrdə də insanları şantaj edib pul qoparan insanlara rast gəlinir. Bunlarla Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti mübarizə aparmalıdır.
Fikrimcə, bunu vəsiqə ilə həll etməyə çalışmağımız o qədər effektiv yol deyil. Bu vəsiqələr jurnalistikanın inkişafına necə kömək edə bilər ki? Mahiyyət etibarilə jurnalistika, mətbuat cəmiyyətin adından hakimiyyət üzərində ictimai nəzarət funksiyası həyata keçirir. Burada proses əksinə gedir.
Biz vəsiqə verməklə medianı nəzarətdə saxlamağa çalışırıq. Ona görə media agentliyinin özünün nizamnaməsində olan bir bənd var. O bənddə olan söz, mətbuat azadlığı bəndinin bundan zərər çəkəcəyini düşünürəm.
Agentliyin və ya hansısa qurumun saytlarda onlayn mediada mövcud olan xaosu aradan qaldırmaq cəhdi yaxşıdır. Hər kəs bilməlidir ki, filan sayt normal xəbərləmə ilə məşğuldur. Cəmiyyətə xidmət edir. Qaranlıq, mənbəyi məlum olmayan saytlar var ki, bu gün açırlar, sabah bağlayırlar və ya başqa fəaliyyətlə məşğuldurlar. Bunların qarşısını almaq üçün təsirli tədbirlər görülməlidir. Çünki medianın adını korlayırlar.
Bunun üçün effektiv addımlar atılmalıdır. Ancaq azad mətbuatın fəaliyyətini məhdudlaşdırmaq ehtimalı ortaya çıxarsa, bu, effektiv olmayacaq. Jurnalistlərə müəyyən imtiyazlar verilə bilər.
Məsələn, Türkiyədə jurnalistlər öz vəzifəsini icra edərkən ictimai nəqliyyatdan pulsuz istifadə edə bilir. Hər hansı mürəkkəb situasiya yarananda hüquq-mühafizə orqanlarına müraciət edə bilir. Bu zaman jurnalistin həmin kart sayəsində gerçək media təmsilçisi olub-olmaması məsələsi üzə çıxır.
Vəsiqə, həmçinin, hər hansı hadisə yerinə jurnalistlərin getməsi üçün müəyyən üstünlüklər verir. Ancaq bütün mətbuatın problemini sarı kartla həll etmək düşüncəsi doğru yanaşma deyil”.
Bəs vahid jurnalist vəsiqəsi jurnalistlərin sosial durumunun yaxşılaşması üçün labüddür?
İqtisadçı ekspert Rövşən Ağayev “Qafqazinfo”ya bildirib ki, o, jurnalistlərə hər hansı xüsusi imtiyazların verilməsinin əleyhinədir:
“Fikrimcə, media azad olmalıdır. Mediaya ən böyük dəstək o olardı ki, onun işinə müdaxilə edilməsin. Məmurlar media orqanlarına rəsmi və qeyri-rəsmi şəkildə maliyyə yardımı ayırmasınlar. Əgər dövlət tərəfindən hansısa bir satınalma imkanı yaradılarsa, bu, hər bir media üçün keçərli olmalıdır. Ümumilikdə isə kommersiya şəraitindən kənar mediaya hər hansı başqa dəstəklərin verilməsinin tərəfdarı deyiləm”.