AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Partiyanın VII qurultayında qəbul olunan qərarlar ölkəmizin qarşısında yeni imkanlar açır

  • + A
  • - A
  • 9-03-2021, 13:30


    Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında yeni reallıqlara uyğun olaraq qəbul olunan qərarlara, qarşıya qoyulan vəzifələrə diqqət yönəldərək bildirib ki, partiyanın həyatında yeni dövr başlayır: “29 ilə yaxın zəngin yol keçən Yeni Azərbaycan Partiyasının  bu illərdə ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil  Azərbaycanın əldə etdiyi uğurlarda öz payı vardır. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev  VII qurultayda  partiyanın hansı zərurətdən yaranmasından, müstəqilliyimizin daimiliyinin təmin olunması üçün atılan addımlardan, Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqın partiyası imicini qazanmasını şərtləndirən amillərdən, son prezident və parlament seçkilərindən sonra ölkəmizin həyatında baş verən yeniliklərdən, ən əsası yaradılan möhkəm baza əsasında 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərin   əldə olunmasından böyük qürur hissi ilə bəhs edərək qarşıda dayanan prioritetləri açıqladı.  2018-ci  ildə kecirilən prezident seçkilərindən sonra  dövlətimizin başçısı İlham Əliyev qarşıdakı dövrün islahatlar ili olacağını, ərazi bütövlüyümüzün bərpasının qarşıya birinci dərəcəli vəzifə kimi qoyulduğunu önə çəkərək bu istiqamətdə mühüm addımlar atdı.  Bu gün böyük qürur hissi ilə qeyd edirik ki,  Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub,  qarşıda bizi yeni vəzifələrin  icrası  gözləyir.”

    Ə.Salahzadə qeyd edib ki,  qurultayda müstəqilliyimizin ilk illərində yaşanan duruma diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etdi: “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik.  Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.”

    Millət vəkili partiyanın bugünədək keçirilən qurultaylarında qəbul olunan qərarların  Azərbaycanın qarşısında yeni imkanlar açdığını önə çəkərək bildirib ki, VII qurultay da bu baxımdan diqqətçəkən və əhəmiyyətlidir: “Aparılan struktur islahatları, yeni tərkibin formalaşması, partiyanın tərkibində Veteranlar Şurasının yaradılması və sair kimi gələcəyə hesablanmış addımlar  həm ölkəmizin, həm də milyonların partiyası kimi tanınan, daim tutduğu yola sadiqliyini əməli ilə təsdiqləyən, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcını qoyur. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir. Cənab İlham Əliyev daim şanlı Qələbəmizdə bu amilin rolunu xüsusi qeyd edir. Gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa  səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri  şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları qayğı ilə əhatə edir. Cənab İlham Əliyev qurultayda bildirdi ki, YAP üzvləri bu kateqoriyadan olan insanlara daim diqqət, qayğı göstərməlidirlər.”

    Millət vəkili qurultayda qəbul edilən önəmli qərarlardan biri kimi  6 siyasi partiyanın  Yeni Azərbaycan Partiyasına qoşulmasını qeyd edib: “Bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi YAP-ın cəmiyyətdə nüfuzunun artdığını, dövlətə, xalqa xidməti ilə milyonların sevgisini qazandığını,  xalqın partiyası olduğunu bir daha təsdiqləyir. Ölkəmizdə təkmil siyasi sistem mövcuddur. Zəngin təcrübəyə, ənənələrə malik olan Yeni Azərbaycan Partiyası müxtəlif kateqoriyadan olan insanları bir araya gətirir. Ölkəmizdə siyasi partiyaların normal fəaliyyəti üçün zəruri olan şərait yaradılıb. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, milli birliyimizin  və həmrəyliyimizin təqdimatı oldu. Belə ki,  50 siyasi partiya dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini onun ətrafında sıx birləşməklə sübut etdi.  Möhtərəm Prezidentimiz İlham Əliyev  qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına diqqət yönəldərək bildirdi ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.”

    Ə.Salahzadə vurğulayıb ki, yeni reallıqların müəyyənləşdirdiyi hədəflərin uğurlu icrası nəticəsində Böyük Qayıdış  Azərbaycanın   dayanıqlı inkişafını təmin edəcək, işğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə olunacaq, öz dogma yurd-yuvalarına qayıdacaq soydaşlarımız bu torpaqlara yeni nəfəs verəcək, ölkəmizə investisiya axını sürətlənəcək, yeni iqtisadi və sosial inkişaf modelimiz dünyaya nümunə olacaq.  Daim yeniləşməyə, təkmilləşməyə açıq olduğunu atdığı addımları ilə nümayiş etdirən Yeni Azərbaycan Partiyası qurultayda qəbul olunan qərarlar əsasında  bu hədəflərin reallığa çevrilməsinə böyük töhfələr verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR