Birləşmiş Krallıqda Yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azadmedia.az a verilən məlumata görə, Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşmələrini yüksək qiymətləndirib.
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son 3 ildəki fəaliyyətinə dair videohesabat təqdim olunub, Azərbaycan diasporunun 44 günlük müharibə dövründəki fədakarlığını və “Yaşat” xeyriyyə marafonunda yaxından iştirakını əks etdirən videoçarxlar nümayiş olunub.
Görüşdə nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət təmsilçiləri iştirak edib.
Müzakirələrin nəticəsi olaraq Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul edilib, Ali Tekin Atalar, Fəridə Pənahova, Murad Nağıyev, Hafiz Baxşəliyev, Savaş Mərəndli, Nərgiz Morrison və Pərvanə Ağazadə Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.
Toplantı diaspor himninin səsləndirilməsi ilə başa çatıb.
Xatırladaq ki, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası son 3 ildə xarici ölkələrdə yaranan sayca 13-cü Koordinasiya Şurasıdır. Hazırda 29 ölkəni əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.