Son dövrdə avtomobillərin üzərinə vinil vurulması dəb halını alıb. Avtomobil sahibləri “4 çarxlı dostlarına” yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən, avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?
Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov avtosfer.az-a deyib ki, avtomobilinə vinil vurdurmaq istəyən sürücü qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir:
“Hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır. Avtomobilin qeydiyyatda olduğu qeydiyyat-imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur”.
Hüquqşünas Ərşad Hüseynov isə bildirir ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz: “Sürücü DYP-nin Dövlət qeydiyyat-imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngini dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 30 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 25 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir”.
Ekspert vinilin istifadə olunmasının qanunla qadağan edilmədiyini bildirir. Onun sözlərinə görə, vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil:
“Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən “mat” rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinlik çəkir. Amma vinil vurulması heç bir halda qadağan edilə bilməz. Bu qadağa müəyyən olunmuş qanun və standartla əsaslandırılmalıdır. Vinil avtomobilin rəngini dəyişmək üçün istifadə edilən bir materialdır. Sürücü seçimini özü edir. Bu seçimə görə isə o, pul ödəyir və qanunla əsaslandıra bilmirsə, mütləq qeydiyyata alınır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.