Politoloq Ülkər Piriyeva, "Rusiya üçün Cənubi Qafqazdakı effektivliyi məhdudlaşdırmanın ən məntiqli yolu Ermənistandır", "Seçim öncəsi və sonrası Rusiya-Ermənistan arasındakı hərbi əməkdaşlığın siyasi və geosiyasi səbəbləri" barədə Azadmedia.az - a açıqlama verib.
Dağlıq Qarabağ müharibəsindən sonra Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası, Ermənistanda müxalifətin sıx təzyiqləri nəticəsində keçirilən erkən ümumi seçkilərdə qalib gəldi. Paşinyanın partiyası səslərin yüzdə 53,92-sini qazandı. Paşinyanın ən vacib rəqibi olan Ermənistanın keçmiş prezidenti Koçəryanın Erməni İttifaqı partiyası səslərin 21.04 faizini qazandı. Paşinyanın seçkilərdə qələbəsi, Rusiyanın nə qədər ürəyincə olmasa da qərb üçün bu vacib sayılır.
Beləliklə, əhəmiyyətli təbii sərvətə, iqtisadi xüsusiyyətə sahib olmayan Ermənistan, Cənubi Qafqazda Rusiya üçün saxlanılan ən vacib tərəfdaşdır
Əslində, bugünkü Ermənistan 91-ci ildə Sovet İttifaqının Avqustdakı uğursuz çevrilişi ilə dağılması nəticəsində müstəqillik qazandı. Belə ki, Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlər 3 aprel 1992-ci ildə qurulmuşdur, lakin Rusiya XIX əsrin əvvəllərindən bəri Ermənistanda mühüm rol oynamaqdadır. İki ölkənin tarixi əlaqələrinin kökləri Şah Qacar dövrünə dayanır. Söhbət İran ilə Rusiya İmperiyası arasındakı 1826-1828-ci illərdəki İran-Rusiya müharibəsindən gedir və bundan sonra Şərqi Ermənistan Rusiyaya verilmişdir. Bununla yanaşı, elə o vaxtdı da Rusiyaya Osmanlı İmperiyasında xristian təbəələrin, o cümlədən ermənilərin qoruyucusu kimi baxılırdı. Ermənistan müstəqilliyini elan etmədən əvvəl də Rusiyadan siyasi asılılığını davam etdirəcəyini və sadiq qalacağını sübut etdi. Sanki Ermənistan İrəvanın hansı təşəbbüs göstərməsinə baxmayaraq Rusiyanın onu qorumalı olduğunu düşünür. Elə qarşılığında bu fikri dəstəkləmək üçün Moskva İrəvanı qoruyur və dəstəkləyir. Lakin Moskvanın bunu etməsinin əsas səbəbi, Ermənistana qarşı hər hansı bir məsuliyyət daşıması deyil. Sadəcə olaraq, Rusiyanın bu ölkədə ciddi regional maraqları var. Bu regional maraqlardan ən başlıcası, Avrasiyada, Cənubi Qafqazda SSRİ-nin dağılmasından sonra formalaşan siyasi boşluğun Qərb aktyorları, xüsusən də ABŞ, Türkiyə və İran kimi regional aktyorlar tərəfindən doldurulmasının qarşısını almaqdır.
Bu məsələlərə görə, Ermənistan Rusiya üçün yeganə ünvan sayılır. Rusiya Türkiyə ilə Azərbaycanın Cənubi Qafqazda birlikdə yarada biləcəyi effektivliyi məhdudlaşdırmaq istəyir. Elə bu baxımdan məhdudlaşdırmanın ən məntiqi yolu Ermənistanla ittifaqdır. Rusiya Ermənistana təhlükəsizliyini təmin etmək üçün ciddi hərbi yardım göstərir, eyni zamanda Türkiyə sərhədindəki Gümrüdə bir hərbi baza və İrəvan yaxınlığındakı Erebunidə bir hava bazası saxlayır. Məlumata görə, təxminən 3000 rus əsgəri Gümrüdəki Rusiya bazasında yerləşdirilib və onlar Türkiyə-Ermənistan sərhədində də xidmət edirlər. Başqa sözlə, Rusiya əsgərləri Ermənistanla Türkiyə arasındakı sərhəd xəttində təhlükəsizliyi təmin edirlər. Rusiya təbii olaraq Ermənistan Ordusunun ən vacib silah və sursat tədarükçüsüdür. Rusiyanın verdiyi bu dəstək Ermənistanı iqtisadi cəhətdən Rusiyadan daha çox asılı vəziyyətə gətirməsi də göz qabağındadır. Bundan əlavə, Ermənistanın enerji bazarının 80% -nə nəzarət edən Moskva bu ölkənin neft və təbii qaz ehtiyaclarını ödəyir, xüsusən də İrəvanın İranla inkişaf etdirmək istədiyi enerji əməkdaşlığını istədiyi istiqamətdə idarə edir və bu şəkildə İrəvanın qərarlarını və hərəkətlərini məhdudlaşdırır.
Əlavə olaraq, Ermənistanın AB ilə müqavilə imzalamaqdan imtina etməsi, Rusiyanı mərkəzə qoyan və Moskvanın AB-yə oxşar bir institusional quraraq öz regional hegemonluğunu alətləşdirməyi planlaşdırdığı Avrasiya İqtisadi Əməkdaşlığına qoşulduğu və AB-yə qarşı Rusiyanı dəstəklədiyi göz önündədir. Əslində, Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı elədir ki, Qərb sanksiyaları belə bir niyyət olmasa da belə, dağıdıcı təsir göstərməktədir.
Rusiya Ermənistana ciddi silah dəstəyi verib və bu ilk dəfə deyil. Ermənistanla Azərbaycan arasında 94-cü ildə imzalanan atəşkəs razılaşmasından əvvəl və sonra Rusiyanın Ermənistanı silahlandırması daim gündəmdə idi. Rusiyanın 1993-1996-cı illər arasında Ermənistana 1 milyard dollar dəyərində silah bağışladığı ortaya çıxdı. Digər tərəfdən, 2008-ci ildə mediada Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah bağışladığı bildirildi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Rusiyanın 2010-2018-ci illər arasında Ermənistana 50 min tondan çox silah göndərdiyini açıqlamışdı.
Rusiya ilə Ermənistan arasındakı hərbi əməkdaşlığın siyasi və geosiyasi səbəblərini dörd fərqli baxımdan qiymətləndirə bilərik.
1- NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq.
2- Türkiyəni şərqdən təzyiq altında saxlamaq.
3- Ermənistanı hərbi və siyasi baxımdan özündən asılı vəziyyətdə saxlamaq.
4- Ermənistanla Azərbaycan arasındakı hərbi tarazlığı qorumaqdır. Çünki silahlı Ermənistan sülh danışıqlarında hər hansı bir müsbət addım atmaqdan çəkinə bilər.
Silah dəstəyi yalnız Ermənistanın maraqlarına uyğun görünsə də, bu tərəfdaşlıq yalnız Ermənistanın maraqları və geosiyasi üstünlükləri ilə formalaşmır. 2016-cı ilin aprelində Qarabağdakı münaqişənin kəskinləşməsi zamanı Rusiya əvvəlki münaqişə dövrlərində olduğu kimi Ermənistanın maraqlarını dəstəkləməkdən çəkindi. Azərbaycana silah satışı da artdı. Nəticə etibarilə, Rusiya artıq Ermənistan üçün tam etibarlı təhlükəsizlik qarantı deyil. Başqa səbəblər də var: Qərblə yaxın münasibətlərin iqtisadi perspektivləri Rusiya ilə müqayisə olunmaz dərəcədə yaxşıdır və bu gün, Ermənistan xalqında ictimai rəy Dağlıq Qarabağ münaqişəsində Rusiyadan gözlənilən dəstəyin olmaması səbəbindən daha çox qərbyönümlü mövqedə olunduğu aşkardır. Ancaq Ermənistan, Rusiyanın əzici təsirini tarazlaşdırmaq üçün yollar axtarmağa davam edir.
Paşinyanın son seçkilərdə seçilməsinə görə Rusiya-Ermənistan münasibətlərinin hər zamanki kimi davam edəcəyi göz qabağındadır. Düşünürəm ki, arxasında Rusiyadan daha yaxşı dəstək görə bilməyəcək Qərbin adamı olan Ermənistan lideri Paşinyan hələlik, Rusiya ilə münasibətləri pisləşdirəcək qədər cəsarətli bir siyasət yürüdə bilməz. Hesab edirəm ki, elə Paşinyanın özü də Rusyanın adamı olmadığı üçün Rusya tərəfi də bir müddət gözləmədə qalacaq. Rusyanın hər zaman yürütdüyü siyasət, son ana qədər gözləmə mövqeyi.
Ancaq Ermənistan münasibətləri pisləşdirmək istəsə də belə, bundan açıq-aşkar əziyyət çəkən Ermənistan olacaq. Ermənistan Rusiyanın Azərbaycanla isti dövründə hərbi dəstəyini geri götürməsinə imkan verəcək bir siyasət izləmək üçün bu qədər şüursuz davranmayacaq və bu ortaqlıqdan asanlıqla çəkilməyəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.