Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli sammit iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm.
Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.
Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.
İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.
Zirvə Toplantısının işinə uğurlar arzulayıram".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.