İranlı jurnalist Farnaz Faşihi İran vətəndaşlarının Ermənistana getmək üçün uzun növbələrdə dayandıqlarını əks etdirən görüntülər paylaşıb. Azadmedia.az xəbər verir ki, jurnalistin sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə İran-Ermənistan sərhəd-keçid məntəqəsində həddən artıq sıxlıq olduğu, eyni zamanda insanların uzun növbələrdə saatlarla gözlədikləri əks olunub.
Jurnalist bildirib ki, bütün bunların səbəbi iranlıların COVİD-19-a qarşı vaksin vurdurmaq istəyidir. Belə ki, İranda artıq “beşinci dalğa”nın başladığını, hökumətin yürütdüyü bərbad siyasət nəticəsində ciddi panika yaşandığını və vaksinasiyanın normal getmədiyini iddia edən jurnalist iranlıların vaksin üçün Ermənistana getməyə məcbur olduğunu vurğulayıb.
Yayılan videoların birində isə iranlıların açıq havada şənlik keçirdiyi, diskoteka təşkil etdiyi və əyləndiyi görünür. Jurnalist iddia edib ki, bu şəxslər vaksin vurdurmalarını “qeyd edirlər”.
Xatırladaq ki, Ermənistanın özü vaksinasiyada heç də ürəkaçıcı yerdə deyil və əhali sayı ilə götürdükdə, bu ölkə yoluxma və ölü statistikası baxımından dünyada ən acınacaqlı yerdədir.
İran isə fevral ayından vaksinasiyaya başlayıb. Bu ölkədə Rusiya, Çin, Britaniya vaksinləri ilə yanaşı, ölkənin özünün istehsal etdiyi “Cov İran Bərəkət” vaksini də 12 iyundan tətbiq edilir.