Fransada mühacir həyatı yaşayan azərbaycanlı fəal Elnur Məcidli 11 il sonra Vətənə qayıdıb.
Azadmedia.az-ın xəbərinə görə, o, bununla bağlı öz feysbuk hesabında məlumat verib.
E.Məcidli müraciətini qarşılıqsız qoymayan və müsbət rəy bildirən Prezident İlham Əliyevə təşəkkür edib.
“Prezident İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq, hər bir dövlət məmuruna və bu işdə rol alan hər kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!
Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdir.
Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır.
Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür.
Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir.
Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər.
Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın”.
Qeyd edək ki, E.Məcidli sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanmışdı. Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunmuşdu.