AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCAN XALQI MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNƏ SADİQDİR

  • + A
  • - A
  • 12-07-2021, 14:26


    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Ölkəmizdə rəsmi qeyd olunan bayramlardan biri də Qurban Bayramıdır. Sovet hökuməti bütün bayramların, o cümlədən Qurban Bayramının keçirilməsini qadağan etmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban Bayramı ölkəmizdə rəsmi qeyd olunmağa başladı. Azərbaycan xalqı öz milli və dini ənənələrinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
    Hər il Azərbaycanda Qurban Bayramında müxtəlif dini konfessiyaların nümayəndələri bu bayram günündə vahid Azərbaycan xalqı ilə birlik və qardaşlıq nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi vəhdətinin və birliyinin ifadəsidir.
    Bu gün ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır. Bu gün bu reallığı bütün dünya etiraf və qəbul edir.
    Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə Azərbaycan xalqını təbrik edir, Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Ulu Öndər Heydər Əliyev Qurban Bayramı münasibətilə Azərbaycan xalqına müraciətlərindən birində buyururdu: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”. Ulu Öndərin arzusu artıq həyata keçib, onun söylədiyi bu sözlər artıq reallıqdır. Azərbaycan xalqı 44 günlük müharibədə öz şanlı qələbəsini təmin etdi, işğalla heç zaman barışmayacağını, öz qisasını alacağını bütün dünyaya nümayiş etdirdi.
    Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu müqəddəs gün münasibətilə hər il Prezident İlham Əliyev Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzularını çatdırır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir. Bu münasibətlə ölkəmizdə bir çox əlamətdar tədbirlər keçirilmişdir.
    Prezident İlham Əliyev Qurban bayramı münasibətilə xalqa müraciətlərindən birində deyirdi: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”. Bəli, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qurban bayramı artıq cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilib, bütün xeyirxah niyyətlər, dua və diləklər gerçəkləşib. Azərbaycan tarixinin ən şanlı və şərəfli dövrlərindən birini yaşayı.
    Onu da qeyd edək ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsinə, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir.
    Azərbaycanın İslam aləmində qazandığı etibar və nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında ciddi rol oynamışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün zəmin yaratmışdır.
    Qurban bayramında müsəlmanlar Allah yolunda hər cürü fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün, milli-mənəvi dəyərlərinə sadiqliyinin növbəti təzahürü idi.
    Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə dərindən, sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda fəda etdi.
    Bu gün Azərbaycanı ərazi bütövlüyünü təmin edən, üçrəngli bayrağımızı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz qan yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu ali dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın dualarının və qurbanlarının qəbul olunduğunun göstəricisidir. Allah bütün duaları hər zaman qəbul etsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR