AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

  • + A
  • - A
  • 13-07-2021, 19:17



    12 iyul 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində “Kiber düşərgə - 2021” adlı yay məktəbinin açılışı keçirilmişdir. 17 iyuladək davam edəcək və tanınmış təlimçilərin də cəlb olunduğu tədbirin keçirilməsində əsas məqsəd proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot texnologiyası sahələrində fundamental bilik və praktiki bacarıqlara malik məktəblilərin seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin aşılanmasıdır.

    Əvvəlcə kiber düşərgə iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

    “Kiber düşərgə - 2021” adlı yay məktəbinin İstirahət mərkəzinin akt zalında keçirilmiş açılışında DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) sədri Ülvi Mehdiyev, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, DTX-nin kollegiya üzvləri və struktur bölmələrinin rəhbər şəxsləri, 12-15 yaş arası yeniyetmələrdən ibarət düşərgə iştirakçıları və onların valideynləri iştirak etmişlər.

    Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

    DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verdikdən sonra iştirakçıları salamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, hazırda kibercinayətkarlıq ölkələrin milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biridir və bu da öz növbəsində kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır. Xidmət rəisi “Kiber düşərgə - 2021” adlı yay məktəbinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunan gənclərimizin sözügedən sahə üzrə bilik və bacarıqlarını artıracağına, onların gələcəkdə kibertəhlükəsizlik üzrə mütəxəssis kimi formalaşmalarında önəmli rol oynayacağına əminliyini bildirərək iştirakçılara uğurlar arzulamışdır.

    Respublikamızda informasiya texnologiyaları sahəsində görülən islahatlar barədə danışan general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı aparılan informasiya mübarizəsi çərçivəsində düşmən qüvvələrin həyata keçirdiyi kiber hücumların qarşısının digər əlaqədar dövlət qurumları ilə birlikdə qətiyyətlə alındığını xüsusi qeyd etmişdir.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tədbirdə çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin misilsiz səyləri nəticəsində yeniyetmə və gənclərimizin intellektual səviyyələrinin artırılması, lazımi savada yiyələnmələri üçün hərtərəfli imkanların mövcudluğunu diqqətə çatdırmış, gənclərin kiber düşərgədə qazanacaqları bilik və bacarıqları ölkəmizin milli maraq və mənafeləri naminə uğurla tətbiq edəcəklərinə inamını ifadə etmişdir.

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev və VXSİDA-nın sədri Ülvi Mehdiyev çıxışlarında belə tədbirlərin keçirilməsinin yeniyetmələrin biliklərinin və dünyagörüşlərinin artmasına mühüm töhfə verdiyini və onların gələcəkdə Azərbaycan üçün layiqli və kamil bir vətəndaş kimi yetişməsinə zəmin yaratdığını qeyd etmiş, dövlətimiz tərəfindən təhsilin inkişafı və gənclərin öz potensiallarını uğurla reallaşdırmaları üçün hər cür şəraitin olduğunu, bu istiqamətdə genişmiqyaslı dövlət proqramlarının və layihələrin icra edildiyini vurğulamışlar.

    Qeyd edilmişdir ki, müvafiq dövlət orqanları ilə qurulmuş qarşılıqlı və səmərəli işgüzar əlaqələr sayəsində ölkəmizdə kibercinayətkarlığa qarşı effektiv mübarizə aparılır və bundan sonra da bu yönümdə zəruri tədbirlər davam etdiriləcəkdir.

    İştirakçıların onlar üçün yaradılmış bu fürsətdən lazımi səviyyədə yararlanacaqlarına əminliklərini ifadə edən qonaqlar “Kiber düşərgə - 2021” adlı yay məktəbinin təşkilinə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

    Daha sonra DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşının təqdimatında kibertəhlükəsizliklə bağlı slayd-şou nümayiş olunmuşdur.

    Tədbir yeniyetmə iştirakçıları maraqlandıran suallar ətrafında panel müzakirələrlə davam etmiş, xaricdə yaşayan, informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərlə çalışan mütəxəssislərin onlayn çıxışları dinlənilmişdir.

    Tədbir iştirakçıları istirahət mərkəzinin ərazisində təşkil edilmiş innovativ texnologiyaların sərgisi ilə tanış olduqdan sonra DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramına tamaşa etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR