Artıq uzun müddətdir ki, bütün dünya COVID-19 pandemiyasına qarşı mübarizəni davam etdirir. Müxtəlif qabaqlayıcı tədbirlərdən sonra, nəhayət, bu cür təhlükəli viruslarla mübarizədə ən səmərəli vasitə hesab olunan vaksinasiya prosesinə start verildi. Ölkəmizdə də cari ilin yanvar ayından başlayaraq vakinləşmə prosesinə start verilib və bu proses uğurla davam etdirilir.
Modern.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Azərbaycanın vaksinasiya strategiyası: xalq-dövlət həmrəyliyi koronavirusla mübarizədə əsas silahımızdır” adlı məqaləsində yer alıb.
Azərbaycanda xalq-dövlət birliyi koronavirusla mübarizədə də ciddi uğurlar qazanır
Azərbaycanda virusun yayıldığı ilk vaxtlardan başlayaraq ciddi, təxirəsalınmaz tədbirlər görüldü, xüsusi karantin rejimi tətbiq olundu və müvafiq qərarlar qəbul edildi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məsələni şəxsən nəzarətə götürmələri, dövlətimiz tərəfindən atılan önəmli addımlar və vətəndaşlarımızın məsuliyyətli davranışı ölkəmizin bu təhlükəli vəziyyətdən minimum itkilərlə çıxmasına imkan verdi.
Dövlətimizin virusla apardığı mübarizə yerli və xarici mütəxəssislər tərəfindən də təqdirəlayiq hesab edilir. Təsadüfi deyil ki, hətta inkişaf etmiş ölkələrin elm adamları, beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələri Azərbaycanda virusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında danışarkən dövlət tərəfindən zamanında atılan müəyyən addımlardan bəhs edirlər. Xüsusən müasir standartlara cavab verən xəstəxana və laboratoriyaların istifadəyə verilməsi, o cümlədən yeni modul tipli xəstəxanaların yaradılması ilə bağlı məsələlər yüksək qiymətləndirilir. Bununla yanaşı, təhsil müəssisələrinin vaxtında bağlanması, müxtəlif sahələrdə bir sıra zəruri məhdudiyyətlərin tətbiqi pandemiyanın ölkəmizdə daha ciddi fəsadlar törətməsinin qarşısını aldı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
Dövlətimiz pandemiya ilə mübarizə aparmaqla yanaşı, həm də mütəmadi olaraq sahibkarlara, aztəminatlı ailələrə, virusun yayılması səbəbindən işini itirənlərə maddi yardımlar edərək hər zaman vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi.
Qeyd etdiyim kimi, müasir tibb müəssisələrinin, laboratoriyaların yaradılması infeksiya ilə mübarizədə çox önəmli addım hesab olunur ki, ölkəmizdə hazırda bu cür laboratoriyaların sayı 20-dən çoxdur. Həmçinin koronavirus xəstələri ən yüksək səviyyədə, müasir tibbi avadanlıqla təchiz edilmiş xəstəxanalarda, modul tipli hospitallarda müalicə alaraq sağlamlıqlarına qovuşurlar. Bu cür xəstəxanaların sayı da 20-dən çoxdur.
Bir sözlə, Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün ən əsas vəzifəsi hesab edərək pandemiya təhlükəsi başlayan ilk gündən vacib addımlar atdı. Qədirbilən xalqımız hər zaman olduğu kimi, bu prosesdə də dövlətinin yanında olduğunu nümayiş etdirir. Pandemiyanın yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən tətbiq olunan müxtəlif məhdudiyyətlərə xalqımız da ümumilikdə anlayışla yanaşaraq və atılan qabaqlayıcı addımlara, yeni qaydalara əməl edərək həyata keçirilən tədbirlərin uğurla nəticələnməsinə mühüm töhfə verir. Bu gün də vətəndaşlarımız ölkəmizdə aparılan vaksinləşmə prosesində fəallıq nümayiş etdirir və xəstəliyin ölkəmizdə tam aradan qaldırılması istiqamətində görülən işlərdə həmrəylik nümayiş etdirirlər.
Azərbaycanın vaksinasiya strategiyası
Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə pandemiyanın yayıldığı ilk gündən atılan addımlar, verilən qərarlar zamanla özünü tam doğruldub. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” da bu gün uğurla icra edilməkdədir. Yanvar ayından başlayan bu prosesdə artıq vətəndaşlarımızın fəal şəkildə iştirakının şahidiyik. Əlbəttə ki, vaksinasiyanın davamlı şəkildə aparılması və vətəndaşların prosesdə fəal iştirakı virusa qalib gələcəyimiz günü daha da yaxınlaşdıracaq.
Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. Beynəlxalq təcrübə, aparılan araşdırmalar da göstərir ki, bu dörd vaksinin hər biri effektiv və təhlükəsizdir. Yəni, ölkəmizdə vətəndaşlara təklif olunan bu vaksinlərin heç bir mənfi təsiri yoxdur və bu vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitələrdir. Səhiyyə üzrə mütəxəssislər bildirirlər ki, immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Bəli, dövlətimiz vətəndaşlarının təhlükəsizliyi üçün bütün zəruri tədbirləri reallaşdırıb. Peyvəndlənmə isə fərdin sosial məsuliyyəti olduğu üçün hər birimizin üzərinə düşən əsas vəzifə bu məsuliyyəti tam dərk edərək vaksinləşmə prosesindəki fəallığı daha da artırmaqdır. Ətrafımızdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Əminəm ki, Azərbaycanımızın ən böyük sərvəti hesab olunan xalq-dövlət həmrəyliyi sayəsində biz pandemiyaya da qalib gəlib daha xoşbəxt günlər yaşayacağıq.