AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtalyan jurnalist İtaliya mətbuatında Gəncədə şahidi olduğu erməni vəhşiliklərindən bəhs edib

  • + A
  • - A
  • 21-08-2021, 09:22


    İtaliyanın nüfuzlu “İl Giornale/İnside Over” qəzetinin müxbiri Emanuel Pietrobon-un ölkəmizə baş tutan səfəri ilə bağlı həmin qəzetdə silsilə yazıları dərc olunmağa başlayıb. Jurnalist ilk yazısını Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması və onun nəticələri mövzusuna həsr edib.
    “Gəncə qırğını, unutmaq olmaz” sərlövhəli məqaləsində jurnalist ötən ilin sentyabrın sonu noyabrın əvvəllərində Qafqazın yüksəkliklərində tarixin yazıldığını, son nəfərə kimi vuruşmaqla, bütün müttəfiqlərini səfərbər etməklə və əllərində olan hər silahdan istifadə etməklə, Bakı və İrəvanın Cənubi Qafqazda postsovet dövrünün sonunu sürətləndirdiyini və yeni, Sovet dövründən ötən bir dövrün əsasını qoyduğunu bildirir.
    “Beynəlxalq münasibətləri izləyənlər bu paradiqmanın dəyişməsinin təsirlərini və nəticələrini tam olaraq yalnız qısa və uzunmüddətli perspektivdə anlaya biləcəklər, lakin bir şey artıq indidən, daha doğrusu, ötən noyabrdan bəri aydındır: İkinci Qarabağ müharibəsi Ermənistan istisna olmaqla, Azərbaycan və Türkiyə başda olmaqla bütün oyunçuların əllərindəki imkanları artırmaqla Cənubi Qafqazdakı proseslərə təkan verdi”, deyə jurnalist qeyd edir.
    E.Pietrobon bildirir ki, münaqişədəki qələbə Bakıya fayda və üstünlüklər gətirmiş və gətirməkdə davam edir, lakin müharibə travmalarsız ötüşmədi. “Qeyd edilən itkilərlə, həmçinin bombardmanların gurultusu və döyüş görüntüləri ilə əlaqədar travmalar. Azərbaycanda Gəncə bombalanmaları və ya Gəncənin bombalanması kimi yadda qalan gözlənilməz və qanunsuz hücumların izi kimi qalan travmalar”, deyə jurnalist vurğulayır.
    300 mindən çox əhalisi olan Gəncənin ölkənin ən xarakterik və mənzərəli yerlərindən biri olduğunu deyən jurnalist paytaxt Bakıda olduğu kimi, böyük şəhər olan Gəncənin düşüncədə dünyəviliyi, memarlıqda türkçülüyü və tarixdə qloballığı ilə Azərbaycan xalqının multikulturalizminin mükəmməl aynası və Qafqazın incisi olduğunu bildirir.
    “Gəncə hərbi əməliyyatların əhatə olunduğu və Qafqazın açıq damarı olan qanlı Qarabağ torpaqlarında yerləşmir, ancaq bu fakt Gəncəni ötən il Azərbaycan və Ermənistanın apardığı 44 günlük müharibə zamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəf alındı və hələ də həmin günlərin travmasını özündə daşıyır”, deyə jurnalist qeyd edir.
    İrəvanın müharibə psixologiyasından istifadə edərək qorxu yaratmaqla şəhərdən əhalinin çıxarılmasına nail olmaq istədiyini vurğulayan jurnalist bildirir: “Bəlli olan faktlar var : 4, 8, 10 və 17 oktyabr. Şəhərin Ermənistan işğalçı qüvvələrinin mövqelərindən atılan Scud tipli ballistik raketlərlə dörd gecə qəfil bombalanması heç də təsadüfi deyildir. 32 ölü və 125 yaralı ilə nəticələnən, ailələri məhv edən, bir neçə uşaq da daxil olmaqla günahsız dinc sakinlərin həyatını əlindən alan gecələr”.
    Jurnalist qeyd edir ki, Bakı əsl müharibə cinayəti olan Gəncəyə hücumların qisası olaraq Füzulinin azad olunmasını sürətləndirdi, münaqişə ocağından kənarda yerləşən və xüsusilə də mülki şəxslərə aid olmasına görə ictimaiyyətin daha güclü birliyi və dəstəyinə səbəb olan bu məsələ Ermənistanın hərbi qüvvələrinin məğlub etdirilməsinə gətirib çıxardı.
    “Bu gün, müharibənin bitməsindən doqquz ay sonra, azərbaycanlılar və turistlər qələbəni sözün həqiqi mənasında gözləri ilə görüb, ona əlləri ilə toxuna bilərlər, çünki şəhərlərdən kəndlərə, binaların divarlarından su şüşələrinə qədər üstündə gecə-gündüz görünən bir yazı var: Qarabağ Azərbaycandır. Hər yaş qrupunu və sosial təbəqəni əhatə edən, görünməmiş bir vətənpərvərlik hərəkatına səbəb olan, lakin bəzi yerlərdə, məsələn, Ermənistanın atəşinə məruz qalmış Gəncə məhəllələrində fərqli şəkildə yaşanan bir qələbə”, deyə jurnalist fikirlərinə davam edir.
    “Çünki Gəncədə cəbhədən fərqli olaraq qurbanlar mülki şəxslər idi. Burada bütün ailə üzvləri ölən ailələr var, məsələn Şahnəzərli ailəsi kimi – ailə üzvlərinin sayı dörd nəfərdən birə - üç yaşlı bir qıza endirilmiş ailə. Burada 10 aylıq olan Narin Əsgərova kimi yeni doğulmuş körpələrin cəsədini tapdılar. Burada Nurəddin Ağayevdən (77 yaş) Nigar Əsgərovaya (17 oktyabr gecəsi həyatını itirdi, ertəsi gün 15 yaşı tamam olacaqdı) qədər hər yaşda insan qətlə yetirildi və yaşayış binalarından oyun meydançalarına qədər heç bir şey ballistik raketlərin və həmin bombaları atanların ölümcül amorallığından xilas olmadı”, deyə Emanuel Pietrobon xatirələrini bölüşür.
    Jurnalist hazırda Gəncədə qələbənin havada olduğunu, amma əhval-ruhiyyənin fərqli olduğunu və Qarabağın azad olunmasının mötədilliklə qeyd olunduğunu bildirir. “Çünki burada baxmağa, dayanıb düşünməyə məcbur edən dağıntılar vardır. Burada, hər yerdən daha çox, yas tutmaq üçün məsum ölülər var”, deyə jurnalist vurğulayır.
    O qeyd edir ki, Ermənistan ordusu bəlkə də Gəncədə törətdikləri ilə Füzulinin azad edilməsinin təsirini aradan qaldırmaq ümidi ilə psixoloji savaşın qorxunc potensialına həqiqətən inanırdı, bəlkə də hərbi yolla Azərbaycan xalqını mənəvi şəkildə ruhdan salmaq istəyi ilə vaxt qazanmaq istəyirdi, bəlkə də daha sadə desək, qorxu toxumları səpmək istəyirdi. “Başqa bir yolu da istisna etmək olmaz: münaqişənin Ermənistan ərazisinə qədər uzanacağını gözləmək. Çünki Azərbaycanın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təcavüzü Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını aktivləşdirmək istəyini doğrultmuş olardı. Kremlin rədd edə biləcəyi bir istək, lakin buna baxmayaraq, şübhəsiz ki, müharibənin qarşısını ala biləcək bir rol oynaya bilərdi”, deyə jurnalist bildirir.
    Fikirlərinə davam edən E.Pietrobon bildirir: “O günləri yenidən nəzərdən keçirdikdə görünür ki, Paşinyan Gəncənin əhalisini boşaltmaq arzusundan daha çox, münaqişənin axarını dəyişmək üçün asimmetrik bir qisas alacağına əmin idi. Riskli bir hesablama, Gəncəyə raket hücumu Ermənistan üçün beynəlxalq humanitar hüququ pozduğuna görə ittihamlar yağışına, sonra isə məğlubiyyətə uğramasına səbəb oldu. Çünki Bakı, müharibənin uzanması ilə əlaqəli riskləri, siyasi cəhətdən - KTMT-nin müdaxiləsi, iqtisadi cəhətdən davamlılığın təmini və hərbi cəhətdən daha geniş və müdafiə olunan bir döyüş sahəsindəki dronların effektivliyi kimi riskləri yaxşı bildiyi üçün, bu ağır travmanı stimullaşdırıcı bir hadisəyə çevirə bilərdi”.
    Jurnalist məqaləsini bu fikirlərlə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. Skudların zərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir və gələcəkdə də onları xatırlamaq, anmaq üçün orada da qalacaqlar.”

    Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

    https://it.insideover.com/guerra/ganja-per-non-dimenticare.htmlhttps://it.insideover.com/guerra/ganja-per-non-dimenticare.html



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR