Ceyhun Məmmədov,
Milli Məclisin deputatı15 sentyabr hər il ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur. Hər bir ölkənin inkişafı onunu təhsilinin səviyyəsi ilə bilavasitə bağlıdır. Sürətli inkişaf yolu keçən ölkələrin tarixinə nəzər saldıqda onların bir çoxunun təhsilə xüsusi diqqət ayıraraq ciddi uğurlara nail olduqlarının şahidi oluruq.
Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, qanunvericilik bazası təkmilləşdirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə çoxlu sayda yeni məktəb binaları inşa olunub, ali məktəblərin böyük bir qismində yüksək təmir işləri həyata keçirilib, maddi-texniki baza gücləndirilib.
Bu gün bir sıra Azərbaycan universitetləri ciddi inkişaf dövrünə qədəm qoyub, təhsilə baxış, təhsil mühiti dəyişib. Ancaq bir sıra universitetlər hələ də köhnə ab-havadan çıxa bilmirlər. Bu isə öz növbəsində ölkəmizdə təhsilin keyfiyyətinə ciddi təsir göstərir.
Hesab edirəm ki, orta və ali məktəblərin vəzifəsi yalnız yüksək təhsil vermək deyil, onlar şagird və tələbələrin şəxsiyyət kimi formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsində də ciddi rol oynamalıdırlar.
Hazırda dünyada təhsillə bağlı yeni ciddi çağırışların şahidiyik. Pandemiya dövrü hələ də davam edir. Prosesin nə qədər çəkəcəyi isə hələ dəqiq bilinmir. Pandemiya təhsildə öz dərin izlərini buraxdı. Bəzi dövlətlər bu prosesdən daha az zərərlə çıxmağa nail olsalar da bir sıra dövlət təhsillərində ciddi geriləməyə uğradılar.
Qarşıda bizi mühüm vəzifələr gözləyir. Dövlətimizin daha da güclü olması təhsilimizin keyfiyyətindən bilavasitə asılıdır. Odur ki, təhsil islahatlarını daha da dərinləşdirməli, dərin biliyə, yüksək intellektə, zəngin dünyagörüşünə, vətənpərvər ruha malik, milli-mənəvi dəyərlərimizə sadiq gənclik yetişdirmək üçün səylə çalışmalıyıq. Gələcək təhsili güclü olan və dəyərlərini qoruyan dövlətlərindir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.