"Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaq, fəal işlər başlayıb. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən dövlətimizin, xalqımızın nə qədər böyük potensialı olduğunu görürük".
Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu”.
Prezident qeyd edib ki, bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər. “Çünki Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb. Cəmi beşmərtəbəli iki bina qalıbdır, onlardan da erməni hərbçiləri istifadə edirdilər və keçmiş xəstəxananı onlar hərbi hissəyə çevirmişdilər. Bundan başqa bütün binaları, bütün tarixi abidələri yerlə-yeksan etdilər”, - deyə Azərbaycan Prezidenti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.