Lerik rayon Vətən müharibəsi şəhidi mayor Ağayev Ramil Mərdan oğlunun anım mərasimi keçirilib
Bugün Lerik rayonunda Vətən müharibəsi şəhidi mayor Ağayev Ramil Mərdan oğlunun şəhadətinin ildönümü mərasimi keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Lerik rayon millət vəkili İqbal Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və şəhidin döyüş yoldaşları iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət edilərək əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, əzizlərinə başsağlığı verilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı Şəhidimizin övladlarına təqdim edilib.
Vətən torpaqlarının müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Hər bir Azərbaycan vətəndaşı onları tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.
Müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!