AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəhidlik manifesti”nin müəllifi ilə - Müsahibə

  • + A
  • - A
  • 14-10-2021, 17:03


    Bu günlərdə “CBS-PP” nəşriyyatında “Şəhidlik manifesti” kitabı nəfis tərtibatla işıq üzü görüb. “AzadMedia” saytının əməkdaşı kitabın müəlifi yazıçı-publisist Nurəddin Ədiloğlu ilə həmsöhbət olub. Həmin söhbəti oxuculara təqdim edirik.

    -Nurəddin müəllim, kitab haqda qısa məlumat verməyinizi istərdik...

    -Kitaba Qarabağ uğrunda savaşda həlak olan 250 döyüşçü haqqında məlumat, o cümlədən tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsinin 61 şəhid əsgər və zabiti haqqında bədii- publisistik məqalələr və esselər daxil edilmişdir. Qeyd edim ki, döyüş yollarından bəhs etiyimiz şəhidlər Masallıda, Bakıda, Sumqayıtda və başqa bölgələrdə boya-başa çatsalar da, ruhən ata-baba yurduna bağlı olan doğma Azərbaycanımızın cəsur və və qeyrətli oğullarıdırlar. Ən böyük qəhrəmanlıqlar və fədakarlıqlar təbii ki, Vətən naminə edilir. Əminəm ki, orta məktəblərə və kitabxanalara hədiyyə ediləcək bu kitabda oxucular 61 şəhidin qısa, amma mənalı və igidliklərlə dolu həyat yolu ilə tanış olacaqlar.

    Şəhidlərin həyat hekayəsini qələmə almaq həm məsuliyyətli, həm də mənəvi yükü ağır və çətin işdir. Bu kitabı yazarkən, bir qələm adamı kimi hansı hissləri keçirirdiniz?

    -Əlbəttə, ömürləri yarımçıq qalmış şəhidlərdən yazmaq, onları yetirib tərbiyələndirən, Vətən uğrunda savaşa göndərən ata-anaların göz yaşı içində xatirələrini dinləmək çox çətin işdir... Övlad acısı dərdlərin ən böyüyü, ən ağrılısıdır. Amma nə qədər kədərli, hüznlü olsa da xalqımızın Zəfər salnaməsinin unudulmaz qəhrəmanları haqqında yazmaq bizim mənəvi borcumuzdur. Həm bədii, həm də sənədli üslubda qələmə aldığım “Şəhidlik manifesti” kitabı da şəhidlərimizin ruhu qarşısında mənim bir vətandaş və yazıçı olaraq öz hesabatımdır.

    -Kitaba daxil etdiyiniz bədii-publisistik yazıların və esselərin demək olar ki, yarıdan çoxu bizim satımızda dərc olunub. Hətta həmin yazıların motivləri əsasında xalq teatrında virtual tamaşa -kompozisiyalar da hazırlanıb.

    -Bəli, bu yazıların çoxu “AzadMedia”, “Cənub.az” saytlarında və əməkdaşı olduğum “İki sahil” qəzetində dərc olunub. Həmin yazıların motivləri əsasında Masallı Xalq teatrının aktyorlarının və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə hazırladığı “Kövrələn buludlar”, “Qanlı təpə”, “Ölümümə inanma, Ana!” adlı virtual tamaşa-kompozisiyalar və “Ruhların qisası” birpərdəli tamaşası nümayiş etdirilib. Onu da qeyd edim ki, Xocalı faciəsinə həsr olunmuş “Şəhidlər anası” pyesimin ilk tamaşası 1994-cü ildə göstərilib, 2017-ci ildə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalınıb və II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub.

    - Siz bu günlərdə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında nümayiş olunan ilk Zəfər filmi - “Beşatılan” ikiseriyalı filminin ssenari müəlliflərindən birisiniz.

    -Bu film tanınmış rejissor Elçin Məmiyevin gərgin zəhmətinin bəhrəsidir. O, filmində həm də baş rolu çox məharətlə canlandırıb. Azərbaycanın xalq artisti, tanınmış teatr rejissoru Firudin Məhərrəmov isə filmdə epizodik rol oynasa da, daha təcrübəli ssenaristdir. Bundan əvvəl 2010-2012-ci illərdə Elçin Məmiyevin çəkdiyi “Susmuş visdan” teleserialının bir neçə seriyasının ssenari müəllifi olmuşam. Amma həmin dövrdə nə qədər kitablar, ssenarilər yazılsa da, filimlər çəkilsə də sanki daxilimizdəki məğlubiyyət acısı meydana çıxarılan ən yaxşı işin üzərinə belə kölgə salırdı. Amma “Beşatılan” filminin 5 əsas qəhrəmanından 4-ü şəhid olsa da onların (eləcə də bütün şəhidlərimizin və qazilərimizin) QƏLƏBƏ ilə nəticələnən mübariz ruhu filmin yaradıcı heyətinin daxilinə işıq saçır, yaradıcılıq potensialını artırır. Bu işıq filmin finalında xalq artisti Alim Qasımovun ifasında və Qələbə Bayrağımızın fonunda daha effektli görünür. Təbii ki, bundan sonra daha gözəl əsərlər, ssenarilər yazılacaq, filmlər çəkiləcək.

    -Yəqin ki, 380 səhifəlik “Şəhidlik manifesti” kitabının nəfis tərtibatla arayə-ərcəyə gəlməsində sizə mənəvi və maddi dəstək göstərən şəxslər də olub.

    - Bəli. Əvvala, müəllifi olduğum bu kitabın yaranması ideyasına görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədova xüsusi minnətdarlığımı bildirirəm. Bu ideyanı geçəkləşdirmək üçün onun təşəbbüsü ilə yaranmış Masallı Təhsil Fondunun əməkdaşları, eləcə də millət vəkilinin köməkçiləri mənə çox yardımçı oldular. Məhz onların bələdçiliyi ilə rayonun ən ucqar kəndlərinə gedib şəhid ailələri ilə görüşə bildim. Millət vəkili M.Məmmədov özü də mütamadi olaraq şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, şəhidlərin anım və doğum günlərində iştirak edir, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlindən gələni əsirgəmir...

    -Şəhid ailələri görüşlərdə sizi ən çox sarsıdan hansı məqamlar oldu?

    -Bilirsiniz, Vətən uğrunda canından keçən şəhidlərimiz haqqında yazmaq bu gün vətənpərvər gənclərin formalaşması baxımından çox faydalı bir missiyadır. Təbii ki, mən övlad itkisini qəlbinə gömüb, başını dik tutaraq “Təki Vətən sağ olsun!” deyən atalar da gördüm, ovladının nişan üzüyünü, bəylik qiyafəsini bağrlna basıb ağlayan, işə gedəndə boş qalmış ev-eşiyini şəhid oğlunun şəklinə “etibar” eləyən analar da... Şəhid valideynləri övladları haqqında elə xatirələr danışdılar ki, onların hər biri ayrı-ayrılıqda böyük bir əsərin mövzusudur. Məsələn, Viləş kəndindən olan şəhid Balaqardaş Vəliyevin Azərbaycan bayrağına bükülmüş tabutunun arxasınca şahə qalxaraq kişnəyə-kişnəyə ağlayan atı, Banbaşı kəndində əslən qarabağlı olan Gülafər xanıma “Nənə, ürəyini sıxma, sənin ata-baba yurdunu mən azad edəcəyəm” deyən şəhid nəvəsi Elmir Akifzadənin Kazan şəhərində ali təhsilini yarımçıq qoyub Vətən müharibəsinə getməsi, Bakıda yaşayan əslən Masallının Öncəqala kəndindən olan şəhid Şahin Ağayevin anası Qətibə xanımın “Allah mənə qıldığım namazların, tutduğum orucların mükafatını verdi: -Oğlumu Behişt zəvarlarının cərgəsinə qoşdu” deyərək Şahinin sevdiyi və ona görə Bakıda qalan qızla vida səhnəsi, eləcə də onlarca başqa kövrək xatirələr yaddaşıma silinməz izlər salıb...

    -Sir deyilsə hazırda hansı əsər üzərində işləyirsiniz?

    -Müharibə mövzusunda bu günə kimi “Bakı açıq şəhərdi”, “Qara sarmaşıq” kino- romanlarım, “Adəm və Həvva”, “Bumeranq” kino-povestlərim nəşr olunub. Aprel döyüşlərindən bəhs edən “Vatan pervaneləri” kitabım ötən il Türkiyədə işıq üzü görüb. Pandemiyadan və Vətən müharibəsindən öncə iri həcimli kitab yazmağa başlamışdım. Ötən əsrin 37-ci illərindən ta 90-cı illərinə kimi böyük bir dövrü əhatə edən roman olacaq. Düzü, gündəlik nəşr olunan qəzetdə çalışmaq və getdikcə artan məişət qayğıları həmin kitabı tamamlamağa fürsət vermir. Amma əminəm ki, inşallah, gələn ilin ortalarına kimi həmin romanı başa çatdıracağam...

    - Sizə yaradıcılq uğurları arzulayırıq və bu müsahibəyə görə təşəkkür edirik.

    - Mən də “AzadMedia.az” saytının baş direktoru Xəlil bəyə və saytınızın yaradıcı kollektivinə təşəkkür edirəm.

    Müsahibəni qələmə aldı C.Orucov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR