AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəhidlik manifesti” kitabındən səhifələr

  • + A
  • - A
  • 29-04-2021, 13:39

    “Şəhidlik manifesti” kitabındən səhifələr


    Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun təşkilati dəstəyi ilə yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs xatirə kitabını nəşrə hazırlayır. Kitaba 52-i Masallıda və 11 -i ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. “AzadMedia. az” saytı müəllifin bu silsilədən olan sayca 14-ci yazısını təqdim edir.

    İmam Hüseyn məktəbindən dərs alan şəhid

    Qısa tanıtım: Əli Turac oğlu Quliyev 22 oktyabr 2001-ci ildə İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində dünyaya göz açıb. İbtidai təhsilini Məşhəd şəhərində Camiətul-Mustafa adı ilə tanınan mədrəsədə alıb. Sonra ailəsi ilə birlikdə öz doğma dədə-baba yurduna - Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb. 6-cı sinifdən təhsilini şəhid Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə orta təhsilini başa vurub. 2020-ci ildə Vətənə əsgəri borcunu yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb.

    27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Füzuli və Xocavənd istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib və düşmənin bir neçə postunun ələ keçirilməsində böyük şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr vuran igid əsgər oktyabr ayının 26-dan 27-nə keçən gecə şiddətli döyüşlər zamanı ağır yaralanır və qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 29 oktyabr tarixində Böyük Kolatan kəndində torpağa tapşırılır.

    Prezident İlham Əliyevin sərəncamları ilə Əli Turac oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

    “Şəhadətgah"da oxunan azanın hikməti

    Müsəlmanların ən məşhur ziyarət məkanlarından biri olan Məşhəd şəhərinin adının lüğəti mənası “şəhid olunan yer”dir. Şəhərin belə adlandırılması səkkizinci imam Rzanın (ə) orada şəhadətə yetirilməsi ilə bağlıdır.

    Ata-anası Əlini bələkdə ikən həmin müqəddəs ziyarətgaha aparıb, İslam ənənəsinə görə, orda onun qulağına tanınmış islam alimi Ustad Musaviyə azan və iqamə oxutduraraq Əli adını qoymuşlar. 4-5 yaşlarında ailəsi ilə birlikdə Kərbəlanı ziyarət etmişdir. Mədrəsədə oxuduğu beş il ərzində Əli özü də dünyəvi elmlərlə yanaşı mükəmməl dini təhsil də alıb, uşaq yaşlarından idmanın taekvondo növü ilə ciddi məşğul olan qəhrəmanımız Məşhəd şəhərində iki dəfə yeniyetmələr arasında keçirilən çempionatın qalibi olmuşdur.

    ...Qəhrəmanımız hərbi xidmətə başladığı ilk gündən dinə olan sevgisi ilə əsgər yoldaşlarının, bölük komandirinin rəğbətini qazanmışdı. Ramin adlı əsgər yoldaşı yazır ki, Əli dini kitabları mütaliə etməyi çox sevərdi, hər cümə axşamı avazla Qurandan “Yasin” surəsini oxuyardı. “Ramazan ayı Əli oruc tutmağın fəzilətləri haqqında söhbət açanda üç əsgər yoldaşımızla onunla birlikdə oruc tutduq. Az sonra bölük komandiri də bizə qoşuldu... Tam 3 ay birlikdə olduq. Bir yerdə namaz qılırdıq.” Ordudan tərxis olunandan sonrə Əli ilə hər iki gündən bir əlaqə saxlayan Ramin son dəfə onunla oktyabrın 24-də danışdığını bildirir. “Atışma səsləri gəlirdi, amma mənə yerini söyləmədi.”

    “Uşaq vaxtı Əliyə oyuncaq silah almışdım...”

    ... Ağır döyüşdən sonra Əlinin yorğun əsgər yoldaşlarına ruhuna dinclik vermək üçün həzin səslə oxuduğu rövzənin videogörüntüsünə baxanda 19 yaşlı bu gəncin qəlbinin Əhli-Beyt eşqi ilə dolu olduğunun şahidi olursan. Səriştəli rövzəxanlar kimi Kərbəla şəhidlərinə iman və könül sevgisini ehsan edən Əli avtomat silahlarına söykənən əsgər yoldaşlarınınn təşnə ürəklərinə məlahətli səsi ilə su səpib, xoşhallandırır...

    Vətən müharibəsi başlayandan onunla çiyin-çiyinə bir taqımda döyüş yolu keçən Müşfiq adlı silahdaşı oktyabrın 26-da düşmən tərəfindən minomyot və artilleriya atəşinə tutularkən meşəyə çəkidilklərini bildirir: “Çox yorğun və susuz idik. Meşəyə girəndən sonra artilleriya atəşi səngidi. Ağacların arasından dərin bir çay keçirdi. Suyu bulanıq olsa da içib, bir az dincəldik.” Sonra döyüş tapşırığını yerinə yetirmək üçün taqımın döyüşçüləri iki qrupa ayrılır. İrəli gedəndə əsgər yoldaşına Əli deyir ki, əgər şəhid olsam, şəhadətim İmam Hüseyn əleyihissəlamın ələmdarı Həzrət Əbəlfəzl - Abbas ağanın şəhadətinə bənzəyəcək. Hədisi-şəriflərdə buyurulur ki, Allah dərgahında Əbülfəzl ağanın uca məqamına qiyamət günü bütün şəhidlər qibtə edərlər... Orxan adlı döyüşçü yoldaşı isə Əlinin qumbaraatan silahıyla düşmənə ağır itkilər verdiyindən bəhs edir. Əlinin düşmənin başına, sığınacaqlarına od yağdıran silahından söz düşəndə, əmisi İsfəndiyar kövrələrək deyir: “Bir dəfə uşaq vaxtı, Əliyə oyuncaq silah almışdım. Dedi əmi, sən mənə bu silahın adam öldürənindən al. Soruşdum ki, Əli sən adamöldürən silahı neynirsən? Cavab verdi ki, düşmənlərimizi öldürəcəm... Əlinin məndən istədiyi silah ona dövlətimiz tərəfindən verildi, o da bacardığı qədər həmin silahla düşmənin canlı qüvvəsini, döyüş texnikasını məhv etdi...”

    “Əli cəsur oğul idi...”

    Bu sözləri bizə döyüşlərdə öz dəbilqəsini könüllü döyüşçülərdən birinə verən Əli barədə Masallı rayonunun Xırmandalı kəndindən olan əsgər yoldaşı Məftun Ceyhun oğlu dedi. Hələ Ağcəbədidə 3 aylıq karantində olanda Əli ilə Məftun əsgər kəmərlərini yadigar olaraq bir-birləri ilə dəyişmişdilər... Döyüş başlayanda ermənilər atışa-atışa geri çəkilirdilər. Əli son nəfəsinədək mənfur düşmənlə vuruşur. Füzuli rayonunun yuxarı Veysəlli kəndi uğrunda döyüşlərdə düşmən tərəfindən güclü artilleriya atəşinə nəticəsində taqımın 4 döyüşçüsü ilə birlikdə Əli də şəhadətə qovuşur. Düşmən üzərində tarixi Qələbədən sonra Məftun Əlinin yadigar kəmərini gətirib onun atasına verir : “Bu qəhrəman şəhidimiz Əlinin mənə yadigar verdiyi kəmərdir. Çox heyif ki, bizim yoldaşlığımızın ömrü də Əlinin ömrü kimi qısa oldu.”

    Həmin kəməri şəhid oğlunun xatirəsinə bəzədilmiş güşədə saxlayan Kərbalayı Turac göz yaşları içərisində danışır: “Əli evlə danışanda içimiz rahat olsun deyə müharibədə iştirak etdiyini bizə bildirməzdi. Şəhid olandan sonra döyüş yoldaşlarının söhbətlərindən bildik ki, Əli bir ay ağır döyüşlərdə olub... Düzdür, ölüm hamı üçündür, tezi- geci isə təqdiri –İlahidir. Amma ən qısa ömürü də keyfiyyətlə yaşamaq gərəkdir. Ölümlərin ən şərəflisi olan şəhidlik hər adama nəsib olmur. Bizim Əli də bütün cavan şəhidlərin ağası İmam Hüseyn məktəbindən dərs almışdı...”

    19 yaşlı Əlinin şəhadəti adi ölüm olsaydı, bəlkə ata –anası üçün onun itkisi daha çətin və əzablı olardı. Lakin kövrəlib, için-için ağlasalar da, şəhid atası-anası olduqları üçün daxillərindəki ağrı-acılarına sinə gərirlər.

    Şəhid əsgərimizin yas mərasimi təkcə ata-baba ocağında deyil, ölkədən kənarda da keçirilib. Yeddi mərasimində Rusiya Federasiyasının Sankt –Peterburq şəhərində yaşayan soydaşlarımız onun ruhuna ehsan verib, dualar oxutdurublar. Məzarının ziyarətinə uzaq şəhərlərdən gəliblər. Məşhəd şəhərində yaşayan mədrəsə yoldaşları telefonla ata-anasına başsağlığı verib, səbr diləyiblər. Böyük Kolatan kəndinin küçələrindən birinin şəhid Əli Quliyevin adını daşıması barədə təşəbbüs irəli sürülüb. İdman yarışlarında aldığı kubok Masallı rayon Tarix-diyarşünaslıq muzeyində saxlanılır. Bakıda S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının sinif otaqlarından biri şəhid Əli Quliyevin adını daşıyır. Atasının dediyinə görə paytaxtın Xətai rayonunda Mübariz Nəcəfov adına 86 saylı tam orta məktəbində Əli Quliyevin xatirə güşəsi yaradılacaq. Hal-hazırda Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissədə xidmətdə olan qardaşı Məhəmməd Əlinin vaxti ilə yaratdığı “İnstagram” hesabını elə onun öz adı ilə

    idarə edir... Bir sözlə, şəhid Əli Quliyevin yarımçıq qalan ömrü neçə-neçə insanın ömründə yaşayır...

    Biz də öz növbəmizdə şəhidin xatirə guşəsinə qoymaq üçün Tehranda nəşr olunmuş “Adəm və Həvva” kitabımızı atasına hədiyyə edib, Allahdan Əliyə və bütün şəhidlərimizə rəhmət dilədik. Vətənin qəhrəman oğullarını unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!..

    Nurəddin ƏDİLOĞLU




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR