Oktyabrın 16-da Azərbaycan Milli Məclisinin və Ukrayna Ali Radasının qarşılıqlı parlamentlərarası dostluq qruplarının üzvləri arasında görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev qonaqları salamlayaraq, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. O, ölkələrimiz arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib, iqtisadi, humanitar, elm, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Rüfət Quliyev hər iki ölkədə sahibkarlığın inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimiz arasında yüksək ticarət dövriyyəsindən məmnunluğunu ifadə edən deputat, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.
Əlaqələrimizin inkişafında parlamentlərin xüsusi rolundan bəhs edən işçi qrupunun rəhbəri diqqətə çatdırıb ki, Milli Məclisdə dünyanın bir çox ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan deputatlarımızın qarşılıqlı görüşləri, müxtəlif məsələlərə dair aparılan fikir mübadiləsi çox önəmlidir.
Görüşdə çıxış edən deputat Cavid Osmanov ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb. Bu məsələdə Ukrayna dövləti və xalqının verdiyi dəstəyi yüksək qiymətləndirib. O, hal-hazırda qələbənin ildönümü münasibəti ilə ölkə üzrə anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.
Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko səmimi görüşə görə təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, ölkələri Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Qeyd edilib ki, münasibətlərin möhkəmlənməsində parlamentlər səviyyəsində əməkdaşlıq çox önəmlidir. Hər iki ölkənin qanunvericilik orqanları arasında təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsində parlamentlərarası dostluq qrupları əhəmiyyətli rol oynayır.
Görüşdə iştirak edən Ukrayna nümayəndə heyətinin üzvləri iki ölkə arasında iqtisadi, mədəni, humanitar, təhsil, elm və digər sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri, qarşılıqlı investisiya qoyuluşu və digər məsələlər barədə fikirlərini səsləndiriblər.
Söhbətin sonunda Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ukraynalı həmkarlarının suallarını cavablandırıb, qonaqları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.
Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Ali Radanın deputatları, Ukraynanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Evgen Osadçiy, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporunun” rəhbəri Hikmət Cavadov iştirak ediblər.