28 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Ceyhun Bayramov İƏT Gənclər Forumunun AR İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Bakıda təşkil etdiyi Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin uğurla keçirilməsi münasibətilə qarşı tərəfi təbrik edib. Nazir, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən hazırda həyata keçirilən bərpa və quruculuq işləri fövqündə, iki mühüm mövzu olan investisiya və mədəniyyət məsələlərinin çoxsaylı xarici iştirakçıların qatıldığı bu tədbirdə diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçılarının, həmçinin işğaldan azad olunmuş torpaqlara, o cümlədən Şuşa şəhərinə səfər etməsinin, burada Ermənistan tərəfindən onilliklər ərzində törədilmiş qeyri-qanuni fəaliyyət və dağıntılarla, eyni zamanda hazırda Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işləri ilə yerindəcə tanış olması baxımından önəmi ifadə olunub.
Nazir, habelə İƏT Gənclər Forumununun bu yaxınlarda Baş Assambleya toplantısını keçirməsi və yeni Nizamnamə sənədini qəbul etməsi münasibətilə təbrik edib. Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.
Taha Ayhan Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışı mərasimində iştirak etdiyini qeyd edərək, Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirdiyi geniş miqyaslı bərpa və quruculuq işlərinin şahidi olduğunu söyləyib. O, Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin çoxsaylı iştirakçılarının azad olunmuş ərazilərə səfərinin, həmçinin Azərbaycanın Qarabağ Zəfərinin gənclərlə, mədəniyyətlə əlaqədar bir zəfər olduğu ismarışının beynəlxalq müstəvidə çatdırılması baxımından önəmli olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin Gənclər Forumunun geniş fəaliyyəti, təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.