Oktyabrın 30-da Milli Məclis sədrinin müavini Adil Əliyev və parlamentin komitə sədri Bəxtiyar Əliyev Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri ilə birlikdə İkinci Fəxri Xiyabanda Milli Ordumuzun şəhid polkovnik-leytenantı Həmdəm Mayıl oğlu Ağayevin anım günündə iştirak edib.
Mərasimdə çıxış edən vitse-spiker Adil Əliyev bildirib ki, polkovnik-leytenant Həmdəm Ağayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun sıralarında Vətən müharibəsində iştirak edib, doğma torpaqlarımızı düşmən işğalından azad edərkən qəhrəmancasına şəhid olub. Həmdəm Ağayev döyüş yoldaşları ilə bərabər misli görünməmiş şücaət göstərərək Şanlı Zəfərimizə dəyərli töhfələr verib. Ölkəmizin ərazi bütövlüyü məhz Həmdəm kimi oğullarımızın canı-qanı bahasına təmin edilib. Biz hər zaman şəhidlərimizə borcluyuq və onların yadigar qalmış övladları həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq.
Milli Məclis sədrinin müavini şəhidlərimizin xatirəsinin bizim üçün hər zaman əziz olduğunu vurğulayıb və Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləklərini ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.