İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi briqada generalı Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı verib.
Azərbaycan Sərhəd Qoşunlarının 14 hərbiçisinin vertolyot qəzasında şəhid olması münasibətilə verilən başsağlığı mesajında bildirilir: "Dərin kədər və təəssüf hissi ilə vertolyot qəzasını və hərbiçilərin həyatını itirməsi xəbərini aldıq. Uca Yaradandan hadisə qurbanlarına rəhmət, onların ailələrinə və yaxınlarına səbir diləyirəm. Hadisə nəticəsində xəsarət alanlara sağlamlıq arzulayıram".
Bu gün, həmçinin, İranın Sərhəd Qoşunlarının komandanı general Əhəməd Əli Qudərzi Azərbaycan Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə başsağlığı mesajı göndərib.
"Vertolyot qəzasında həyatını itirmiş sərhədçilərin ailələrinə, sizə, Azərbaycan xalqı və dövlətinə başsağlığı diləyirəm. Hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk", - deyə başsağlığında vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.