Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Vətənin ölməz oğulları” adlı layihəyə start verilib.
Azadmedia.az xəbər verir ki, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası və “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai birliyin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının tanıdılması, onlarla bağlı məlumatların əldə edilməsi məqsədilə “Vətənin ölməz oğulları” başlıqlı layihə çərçivəsində keçiriləcək tədbirlərə start verilib. Karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyasının kollektivi, ”Ümidim Sənsən” İctimai birliyin nümayəndəsi Fidan Abbasova, MKS-in işçiləri, şəhid valideynləri, qazilər, Masallı şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva torpaqlarımız uğrunda canından keçərək şəhid olmuş və eləcədə o ağır döyüşlərin şahidi olan müharibə iştirakçılarının tanıdılması, təbliği işində “Vətənin ölməz oğulları” layihəsinin keçirilmə məqsədindən və bu layihə çərçivəsində il boyu həyata keçiriləcək silsilə tədbirlər haqda geniş məlumat verdi. O, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqların azad edilməsinin tarixi əhəmiyyətindən danışıb.
Sonra muzeyin əməkdaşı Dilgüşə Məmmədova rayonumuzda yanvar ayında doğulmuş Birinci Qarabağ, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan oğulların həyat və şərəfli döyüş yolundan məruzə edib. Hər bir millətin güvən yerinin onun ordusu və bu orduda ləyaqətlə xidmət edən mərd oğulların olduğunu məruzəsində qeyd edən D.Məmmədova şəhid xatirələrinin hər zaman ehtiramla yad etməyə borclu olduğumuzu vurğulayıb.
Daha sonra çıxış üçün söz alan Fidan Abbaslı Azərbaycan xalqının şücaəti və igidliyi ilə adını ölkəmizin müstəqillik tarixinə yazdıran vətən oğulları ilə hər zaman fəxr etdiyini bildirib. F. Abbaslı çıxışında Vətən qəhrəmanlarını şərəf və qeyrət simvolu olaraq xatırlanıb gənc nəslə nümunə kimi təqdim edilməsinin bir sıra vacib məqamlarından danışıb.
Qalereyanın direktor əvəzi Təhmasib Məcidov isə Azərbaycanın Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərin qətiyyəti sayəsində torpaqların düşmən işğalından azad edilməsi ölkəmizin həyatında yeni inkişaf dövrünün əsasını qoyduğunu çıxışında xüsusi vurğulayıb. O, Vətən üçün, bizlər üçün canından keçən oğulların yaşadılması işinin icrasını hər bir Azərbaycan vətəndaşı özünə mənəvi borc bilməlidir deyib.
Şəhid anası övlad, oğul itgisi nə qədər ağır dərd olsa belə onu qəlbində daşıyıb, özünü bütün şəhidlərin anası və hər bir şəhidi öz doğma balası bilib onlarla qürur duyaraq, fəxr etdiyini söyləyib.
Çıxışlardan sonra Masallı şəhər 2 saylı tam orta məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunan Ədəbi-bədii kompozisiyası təqdim edilib.
Tədbirin sonunda şəhid valideynlərinə tədbir təşkilatçıları tərəfindən Vətən uğrunda öz borcunu ləyaqətlə yerinə yetirən övlad böyütdüklərinə görə minnətdarlıq əlaməti olaraq Təşəkkürnamələr təqdim olunub. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
Ülkər Piriyeva