AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının “Ənqa quşu” uşaq romanı işıq üzü görüb - FOTO/VİDEO - ÖZƏL

  • + A
  • - A
  • 16-02-2022, 18:38

    İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının “Ənqa quşu” uşaq romanı işıq üzü görüb - FOTO/VİDEO - ÖZƏL

    Şərq dünyasında uşaq ədəbiyyatı böyüklərin söylədiyi laylalar və nağıllarla başlayır. Qədim dövrlərdə kitab yox idi. Qəbilələrdə nağıl danışanlar mədəniyyətin, adət-ənənələrin, dəyərlərin və tarixin keşikçiləri idi. Əsrlər boyu hekayətlər cəmiyyətin adət-ənənələrini və inanclarını nəsildən-nəslə ötürmək üçün əsas üsul olmuşdur. Elə o dövrlərdə danışılan hekayələr əslində böyüklər üçün idi. Amma uşaqlar onlara qulaq asıb özlərinə uyğun olanı götürərdilər. Sonralar xalq şairləri bu əhvalatları tərtib edərək cəmiyyətdən cəmiyyətə köçürüblər. Qeyd edək ki, uşaqlar böyüdükcə, mühitə və cəmiyyətə inteqrasiya olunduqca onların həyat hekayəsi, dramı, povesti və romanı başlayır. Bu mənada, uşaqların boy atması ədəbiyyatının inkişafının əsas meyarı, ölçüsüdür. Ancaq diqqətlə baxsaq, dünya ədəbiyyatında məktəbəqədər kiçik yaşlı uşaqların həyatına həsr edilmiş romanlara rast gəlmək çətindir. Çünki uşaq ədəbiyyatına dair nələrsə yazmaq da hər yazıçının, hər ədəbiyyat adamının işi deyil.

    Bu nöqteyi nəzərdən, Yazıçı Eluca Atalının “Ənqa quşu” romanı uşaq ədəbiyyatında bədii düşüncənin ali məqsədi olan insana xidmət etmək baxımından böyük imkanlara malik əvəzsiz bir əsərdir. Məhz, bu əsəri uşaqlarımıza həyata və dünyaya açılan ilk pəncərələri kimi sevə-sevə oxuya və sevdirə bilərik. Gənclərin belə roman oxumağa başlama vaxtı, onların uşaqlıqdan gəncliyə keçmə vaxtıdır. O zaman onlar çox şey oxuya bilərlər. Ancaq bu, böyüklərin icazəsi və seçib göstərmələri yolu ilə olmalıdır, düşünürəm ki, Eluca Atalının "Ənqa quşu" romanı həm uşaqların, həm gənclərin, həm də böyüklərin rahatlıqla evlərinin qonağı edib oxuyacağı və əsrlərlə yaddaşlarda iz salacaq bir əsərdir.

    Bəli, uşaq nəşrləri uşaqların müxtəlif ehtiyaclarını ödəyə bilməlidir. Bu kontekstdə uşaq kitabları ədəbiyyat və nəşr baxımından müəyyən məqsədlər üçün hazırlanmalıdır, ən əsası isə uşaqları bir növ əsərdəki qəhrəmanların gücü ilə gerçək həyata hazırlamalıdır. Məhz, Ənqa quşu romanı uşaqlara kitab sevgisini aşılamaqla bərabər, onlara ədəbi-estetik dəyərləri, daxili və xarici aləminin inkişaf etməsi yolunda gərəkli töhvələri verməklə bərabər, uşaqları əsl həyat həqiqətlərinə hazırlayır, həmçinin Ənqa quşunun simasında uşaqların yaradıcılıq qabiliyyətlərini, həyat hədəflərinin trayektoriyasını geniş konteksdə aktivləşdirir.

    Əslində, yaxşı uşaq kitabı uşağın marağını və mənəvi ehtiyaclarını ödəyən, lakin hər şeydən əvvəl uşağın zövqlə oxuduğu kitabdır. Eyni zamanda, uşaq ədəbiyyatı əsl məktəb, uşaq yazıçısı isə ən yaxşı müəllimdir, elə Eluca xanım Atalı kimi... Deyərdim ki, müəllifin bu kitabı ən kamil uşaq əsərləri arasında ən çox yadda qalan əsər və dərslik olacaqdır. Bəli, uşaq ədəbiyyatı həm də, ideologiyaya ən az məruz qalan ədəbiyyatdır. Bu mənada, Ənqa quşu kitabı nəinki övladlarımızı böyük həyata, həm də cəmiyyət hadisələrinin mahiyyətini başa düşməyə hazırlayacaqdır. Ən əsası bu kitabda, uşaqlarla bərabər böyüklər üçün də cəlbedici və düşündürücü olan mətləblər öz əksini tapmışdır.


    İsveçdəki Azərbaycanlı Yazıçı Eluca Atalının qeyd etdiyimiz “Ənqa quşu” kitabının təqdimatı keçirilib.

    Azadmedia.az xəbər verir ki, kitabın təqdimatı Avropa vaxtı ilə 17:00, Bakı vaxtı ilə 20:00-da Zoom proqramı üzərindən gerçəkləşdirilib.


    Nəzərinizə çatdıraq ki, Eluca Atalının "Ənqa quşu" kitabı uşaq romanıdır. Müəllif cəmiyyətdə baş verən bütün hadisələri təbiətə daşımış, yerdəki hadisələri göylərə qaldırmışdır. Əsərin qəhrəmanı iki qramlıq kolibri quşudur. Qəhrəman Günəşə aşiq olur, ancaq anası ona deyir ki, Günəşə çatmaq üçün bir quş ömrü kifayət deyil. Sonra balaca quş axtarıb əbədiyyətə çatmağın yolunu tapır. Əsər çoxsaylı quş təsvirlərini, morfologiyalarını və həyat tərzlərini, eləcə də kolibriləri əks etdirir. Kitab səkkiz yaşdan yuxarı hər növ oxucunun oxuya biləcəyi və təbiəti bədii vasitələrlə öyrənə biləcəyi kitabdır.

    Belə ki, təqdimat Türk Kültür Platformasının təşkilati dəstəyilə keçirilib. Qeyd edək ki, Rusiyanın Saratov universitetinin professoru Rafail Qəriblinin moderatorluğunda gerçəkləşən “Ənqa quşu” kitabının təqdimatı konfransında dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı və qardaş Türkiyədən olan ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, media nümayəndələri, QHT sədrləri iştirak ediblər.

    Təqdimata Paytaxt Bakıdan “Ənqa quşu” kitabının Redaktoru “Özünü doğanlar” kitabının müəllifi, Əməkdar Jurnalist Əntiqə Qonaq, Fəlsəfə elmləri doktoru, bioloq, ekoloq eyni zamanda, kitab çap olunmamışdan öncə kitabı ekoloji və mifoloji baxımdan təhlil edən və "Yenidən doğulma yolunda - əbədi həyat sevgisi" elmi monoqrafiya yazmış alim Yusif Dirili, Uşaq yazarı Zaur Ustac, Azərbaycan Milli elmlər Akademiyası Filologiya elmləri doktoru, şairə Fəridə Hicran, Tarix elmlər doktoru, BDU-nun müəllimi Ülviyyə İbrahimova, Azadmedia.az-ın Redaktoru və 1453Kral Media-nın Azərbaycan nümayəndəsi, politoloq Ülkər Priyeva, Naxçıvan AQRA Elmin Inkişafına Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Mirələkbər Seyidov, Cəliləbaddan Asif Ata Ocağının Evladı, əsərdə Mütləqə İnam fəlsəfəsinin bədii formasını tapmasını şərh edən Dağtəkin Atalı, Neftçala rayon Mərkəzi Kitabxanasının əməkdaşı Nəzakət Məmmədova, Türkiyənin Eskişehir bölgəsindən - kitabın Türk dilində variantının Redaktoru, Anadolu Türk liseyinin Ədəbiyyat müəllimi Meral Bahar, Türkiyəni Hakkari şəhərindən Yazar, kitabın Türkiyə rəyçisi Alparslan Demir, İzmir şəhərindən Jurnalist, Yazar Hasan Barın, İzmirdən Jurnalist Nigar Ögeday, Adanadan Şairə, tibb işçisi Sara Göyçəli, İsveçin Umeo şəhərindən Umeo universitetinin elmler Doktoru Səadət Kərimi, Ukraynadan Tarixçi-araşdırmaçı Məhəmmədəli İsrafiloğlu, İsveçin Stokholm şəhərindən Rejissor, Yazar Rahim Sadıqbəyli, Söderberg, İsveç Sosial Demokrat partiyası, Xaricdəki Azərbaycanlılarının İşi üzrə Diaspora Komitəsinin Skandinaviya əlaqələndiricisi İradə Əliyeva, Almaniya Nynberg şəhərində Tarix Türk Muzeyinin yaradıcısı və rəhbəri Cemalleddin Özdemir və bir çox ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Eyni zamanda, Moskvadan Nailə Abdullayeva, Kanadadan Politoloq Aslan İsabəyli, Mərənddən, kitabın farsca tərcüməçisi Zəkiyyə Zülfüqari və bir sıra iştirak edə bilməyən şəxslər Yazıçı Eluca xanım Atalıya təbrik məktubları ünvanlayıblar.




    Çıxış edənlər - "Ənqa quşu" kitabının cəmiyyət üçün, xüsusilə uşaqların, gənclərin öz hədəflərinə çatmaq yolunda olduqca dəyərli bir kitab olduğunu diqqətə çatdırıblar. Onlar qeyd ediblər ki, "Yazar müasir cəmiyyətdə baş verən hadisələri təbiətə daşımış, yerdəki hadisələri göylərə qaldırmışdır. Əsərin qəhrəmanı iki qramlıq kolibridir. Qəhrəman Günəşə aşiq olur, lakin anası ona deyir ki, Günəşə çatmaq üçün bir quş ömrü kifayət deyil. Sonra balaca quş axtarıb əbədiyyətə çatmağın yolunu tapır. Əsər çoxsaylı quş təsvirlərini, morfologiyalarını və həyat tərzini, eləcə də kolibriləri əks etdirir. Belə ki, bu roman uşağın zehni inkişafına töhfə verməklə bərabər, onların daxili və xarici aləmlərinin inkişafına töhfə verir, həyat həqiqətlərinə hazırlayır, onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır, tənqidi bacarıqların inkişaf etdirir. Həmçinin roman uşaqlara mövcud vəziyyətdən necə xilas olmaq, təsəvvürlərini aktivləşdirmək, özlərini başa düşmək, başqalarını anlamağa kömək etmək, onlara təbiətin dilini başa düşmək imkanı vermək, başqa vaxtlar və yerlər haqqında öyrənmək, məlumat axtarmaq üçün bir növ yol göstəricidir." - deyə vurğulayıblar.



    Deməli, yaxşı uşaq kitabı uşağın marağını və mənəvi ehtiyaclarını ödəyən, lakin hər şeydən əvvəl uşağın zövqlə oxuduğu bir kitabdır.
    Bəli bir sözlə, uşaqlıq dövrü insan həyatında qısa yer tutur, ona görə də uşaqlıq təcrübələrinin əhəmiyyətsiz olduğu düşünülür. Lakin məlumdur ki, müxtəlif təsirlərə və şəkillənmələrə ən çox meyilli olan dövr məhz, uşaqlıq dövrüdür. Elə bu baxımdan, bu dövr qısalığına görə pis əsərlərlə qeyd edilməməsi lazım olan bir dövrdür. Onu da qeyd edim ki, böyüklər hesab edirlər ki, uşaq kitabı böyüklər mövzusunun sadələşdirilmiş nəşri olmalıdır. Beləliklə, bu baxış uşağa öz dünyası olan bir varlıq deyil, kiçik bir yetkin kimi də baxır, bu halda, kitabın ədəbi tərəfindən daha çox mənəvi-tərbiyəvi tərəfi ön plana çıxır. Lakin uşaq ədəbiyyatını başqa ədəbiyyat növlərindən ayırmaq olmaz. Çünki eyni dəyər mühakimələrindən keçir. Deməli, yaxşı bir uşaq kitabının təkcə tərbiyəvi və əxlaqi dəyərlər verməsi kifayət deyil. Deməli, ondan ədəbi təməllərin formalaşması da gözlənilir. Yaxşı işlər əsl əxlaq qaydaları daşıyır. Qısqanclığın, paxıllığın, hərisliyin nə qədər çirkin və dəyərsiz olduğunu, bunun üçün fədakarlığın, vəfalı sevginin sonunda mükafatlandırıldığını da özündə göstərir. Elə bütün bu halları nəzərə alaraqdan deyə bilərik ki, Yazıçı Eluca Atalının “Ənqa Quşu” romanı uşaq ədəbiyyatında əsl nümunəvi əsərlərdəndir.

    Bu münasibətlə, Azadmedia.az kollektivi də, Yazıçı Eluca xanım Atalını təbrik edir, fəaliyyətində uğurlar arzu edir!

    Qeyd edək ki, "Anka Kuşu" uşaq romanının növbəti təqdimatı, Türk Tarixi və Mədəniyyətləri muzeyinin təşkilatı dəstəyi ilə və həmin muzeyin rəhbəri Cemaleddin Özdemirin moderatorluğunda, 19 fevral, 2022-ci il tarixdə Avropa vaxtı ilə 17:00, Bakı vaxtı ilə 20:00, Türkiyə vaxtı ilə 19:00-da Zoom proqramı üzərindən gerçəkləşdiriləcək.

    Ülkər Piriyeva













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR