Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Qarabağ Azərbaycandır” mövzusunda bakalavr və magistrlərinin xarici dillərdə (ingilis, alman, rus, fransız) ümumşəhər elmi-nəzəri konfransı baş tutub.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən ADAU-nun rektoru, AMEA-nı müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşərək, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Rektor bildirib ki, Ulu Öndər Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik, dünya siyasətinin nəhənglərindən birinə çevirib.
Universitetin Xarici dillər kafedrasının müdiri, dosent Aidə Həsənova bildirib ki, konfransın xarici dillərdə keçirilməsində məqsəd tələbələrin xarici dillərin öyrənilməsinə həvəsinin artırılması və onların xarici dil biliklərinin təkmilləşdirilməsi olub.
Həmçinin, konfransda Türkiyənin EGE Universitetinin bir qrup professor-müəllim heyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə yanaşı Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin bakalavr və magistrləri də iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.