Əliabbas Salahzadə
Milli Məclisin deputatı Ölkəmizin dayanıqlı iqtisadi inkişafından, həyata keçirilən güclü sosial siyasətdən, vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan addımlardan geniş bəhs edərək bildirib ki, hər bir ölkənin tərəqqisində iqtisadi amil əsasdır: “Azərbaycanın uğurlu siyasəti, aparılan təkmil islahatlar, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı iqtisadi inkişafa geniş imkanlar açır. Azərbaycan postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq yeni sosial-iqtisadi inkişaf modelini təqdim edir. Vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığı atılan bütün addımlarda özünün aydın ifadəsini tapır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr edir. 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezident Fərman və Sərəncamlarına diqqət yetirmək kifayətdir. Qeyd etdiyimiz kimi, sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başladığı, ən inkişaf etmiş ölkələrin belə iqtisadiyyatının durğunluq dövrünü yaşadığı zamanlarda dövlət başçısı İlham Əliyevin insanların sağlamlığının təminatı ilə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsi və heç bir sosial layihənin təxirə salınmaması ilə bağlı tapşırıqları da deyilənlərin təsdiqidir.”
Millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, yeni mənzillərlə təminatı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışı bu diqqət və qayğının tərkib hissəsidir. Yaşayış kompleksinin açılışından sonra Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsində olan dövlət başçısı bildirmişdir ki, Mahir Məmmədovun və onun kimi Vətən oğullarının qəhrəmanlığı sayəsində işğala son qoyuldu. Hər bir şəhidin xatirəsi bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Ölkə Prezidenti bu fikri xüsusi vurğulamışdır ki, hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilərdə yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldu, Vətəni hər şeydən üstün tutdular.”
Əliabbas Salahzadə onu da vurğulayıb ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin məşğulluq problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir: “Dövlət hər zaman bu kateqoriyadan olan vətəndaşlarının yanındadır. Dövlət başçısı İlham Əliyev bu vəzifəni qarşıya qoyub ki, bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalı, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur.”
Millət vəkili Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqinə də diqqəti yönəldərək bildirib ki, dövlət başçısı hər zaman tarixi Zəfərimizdə Azərbaycan gənclərinin Vətən, torpaq sevgisini xüsusi qeyd edir. Təhlillər əsasında özlüyündə yaranan “Bizi irəliyə nə aparırdı” sualına cavab olaraq Müzəffər Ali Baş Komandan bildirir ki, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik.
“Bu gün hər bir Azərbaycan vətəndaşı tarixi Zəfərimizi bizlərə yaşadan dövlət başçısı İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna minnətdarlığını ifadə edir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərə şəfa diləyirik. Zəfərimiz tarixdə əbədi qalacaq. İşğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Xalqımız əmindir ki, bu ərazilərimizdə bərpa və quruculuq işləri də ən yüksək səviyyədə başa çatacaq, soydaşlarımızın Böyük Qayıdışı təmin ediləcək. 30 ilə yaxın dövrdən sonra tarixi sahibinə qayıdan torpaqlarımızın malik olduqları iqtisadi potensial ölkəmizin dayanıqlı inkişfına yönəldiləcək. Aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda dövlət başçısı İlham Əliyev regionun gələcək inkişafı ilə bağlı Azərbaycanın planlarını açıqlayarkən ölkəmizin qarşıdakı 10 ildə daha da inkişaf edəcəyini böyük əminliklə qeyd etmişdir. Bu əminliyə əsas verən təbii ki, möhkəm təməl, qarşıya qoyulan hədəflərə zamanında nail olmaq üçün mövcud imkanlar, iradə, həmçinin işğaldan azad olunmuş torpaqlarımızın potensialından gələcəkdə səmərəli istifadə dayanır. Artan iqtisadi imkanlarımız qarşıdakı illərdə daha təkmil sosial siyasəti təmin edəcək. Azərbaycan hər zaman irəliyə doğru inamla irəliləyir”,-deyə Əliabbas Salahzadə bildirib.