Azadmedia.az - 21 iyun 2022-ci il tarixində Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib. Tərəflər, bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Parisə səfəri çərçivəsində nazir müavini Xələf Xələfov, həmçinin Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədr müavini Joel Qerrio ilə, habelə Fransa Şirkətlər Hərəkatına (MEDEF) daxil olan aparıcı fransız şirkətləri təmsilçiləri, beyin mərkəzləri və Fransanın elmi, siyasi dairələrinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq və regional məsələlər, Fransa şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturun formalaşdırılmasında, xüsusən də Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.